Laçınlılar Qurban bayramını ön cəbhədə əsgərlərlə birlikdə qeyd etdilər.
16 oktyabr 2013-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin, rayon Polis və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə bir qrup rayon ictimaiyyəti nümayəndəsi bayram sovqatı aparmaqla Qurban bayramını Ağcabədi rayonu ərazisindəki ön cəbhədə, təmas xəttində, xidmət edən əsgərlərlə birlikdə qeyd etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev, Rayon Polis şöbəsinin əməkdaşı Rəftar Səfərov və digər ictimaiyyət nümayəndələri çıxış edərək rayon rəhbərliyinin, eləcədə bütün laçınlıların əsgər və zabitlərə bayram təbriklərini çatdırmış, onlara möhkəm cansağlığı və xidməti vəzifələrini yerinə yetirilməsində uğurlar arzulamışlar. Çıxış edən rayon sakinləri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə formalaşmış milli ordumuzun tezliklə işğal altındakı torpaqlarımızın azad edilməsində son sözünü deyəcəyinə, əsgərlərimizin üç rəngli Azərbaycan bayrağını Xankəndində, Şuşada, Laçında və digər torpaqlarımızda ən yüksək zirvəyə taxacaqları zəfər bayramını birlikdə qeyd edəcəklərinə əmin olduqlarını bildirmişlər.
Bayram tədbirində rayon Mədəniyyət və Turizm şöbəsinin bədii özfəaliyyət kollektivi geniş bayram konserti ilə çıxış etmişdir. Qəhrəmanlıq, vətənpərvərlik ruhunda ifa edilən rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında yüksək bayram əhval-ruhiyyəsi yaratmışdır.
Tədbirin sonunda rayon nümayəndələri əsgər və zabitlərlə xatirə şəkli çəkdirmişlər.