Laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisində təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir.
Laçın Rayon İcra Hakimiyyətinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü ərazisindəki Qayğı qəsəbəsindəki parklarda və idarələrin həyətində yaz mövsümünün yaxınlaşması ilə əlaqədar təmizlik və yaşıllıqlara qulluq işləri aparılmışdır. Görülən işlər çərçivəsində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik güllərə qulluq göstərilmiş, suvarılmış, çəmənliklərə gübrə verilmişdir. Laçın Rayon Yaşıllaşdırma idarəsi və kommunal idarələr tərəfindən ərazilərdə olan parklar və otluq sahələr baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq üçün quru ot, xəzəl və alaqlardan təmizlənmişdir.
Eyni zamanda mövsümlə əlaqədar minədək mövsümü çiçək alınaraq ərazidə əkilmiş, ehtiyac duyulan 420 kv.m çəmənlik sahəsi yenidən əkilərək səpin üçün yararlı vəziyyətə salınmışdır. Bununla yanaşı Taxta Körpü-Mayıs avtomobil yolunun ətrafında əkilmiş ağacların suvarılması üçün müvafiq ölçülü plastik boru alınaraq ağaclar suvarılmışdır.
Həmçinin, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantılarının nəqliyyat vasitələri ilə ərazilərdən daşınması işi təşkil edilmişdir.
Görülən işlərdə əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.
Aparılmış bu işlər əraziyə daha yaxşı görkəm vermişdir.