YAP Laçın rayon təşkilatı Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir
2022-ci il 25 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında YAP Laçın rayon təşkilatının Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaq öz işinə başlamazdan əvvəl Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad olunmasında şəhid olmuş, həmçinin Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişdir.
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunmuşdur.
Daha sonra ərazi partiya təşkilatına sədr və müavin seçilmişdir. Məhəmməd Şahbazov yenidən Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri, Səbuhi İsmayılzadə sədrin müavini seçilmişdir.
Yığıncaqda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirmişdir. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin bütün sahələri üzrə apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan İlqar İlyasov qeyd etmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. O, vurğulamışdır ki, şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi.
İlqar İlyasov Partiyanın vıı qurultayından irəli gələn yeniliklərdən bəhs edərək, yeni seçilmiş sədr və sədr müavinini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.