Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov rayon ictimaiyyətinə təqdim olunmuşdur.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatına 2022-ci il 28 yanvar tarixdə YAP İdarə heyətinin qərarı ilə yüksək etimad göstərilərək sədr vəzifəsinə təyin olunmuş İlqar Süleyman oğlu İlyasov 2022-ci il 11 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən Laçın rayon ictimaiyyəti nümayəndələrinə təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, xalqımızın Ümummili lideri Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önüdə ucaldılmış büstü önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan sonra tədbir karantin qaydalarına uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli İlqar İlyasovun Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatına sədr təyin olunması münasibəti ilə onu təbrik edərək, rayon ictimaiyyəti nümayəndələrinə təqdim etmiş, bu şərəfli işdə ona yeni-yeni uğurlar arzulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev ideyaları bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Natiq qeyd etmişdir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixdə keçirilmiş VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox önəmli bir hadisə oldu. Yeni Azərbaycan Partiyasının həmin Qrultayından sonra partiyanın həyatında yeni mərhələ başlamış, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu yaradılmış, partiyada kadr islahahatlarının yeni xətti müəyyən edilmişdir. Məhz həmin kadr təyinatları da partiyanın kadr islahatlarının tərkib hisəssidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də dəstəkləndi. Siyasi partiyaların mütləq əksəriyyəti ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynadı.
Tədbirdə çıxış edənlər Məmməd Süleymanov, Şəbnəm Uğurlu, Qurban Həsənov və Sədaqət Məhərrəmova müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il noyabrın 21-də təsis etdiyi və məhz bundan sonra ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətindən söhbət açmış, İlqar İlyasovun Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatına sədr təyin olunması münasibəti ilə onu təbrik edərək, ona ən xoş arzularını bildirmişlər.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov ona göstərilən böyük etimada görə Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, bu şərəfli vəzifəni layiqincə icra etmək üçün var gücü ilə çalışacağını bildirmişdir.
Sonda Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli bir daha Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatına sədri İlqar İlyasovu rayon sakinləri adından təbrik etmiş, ona bu şərəfli işdə yeni-yeni uğurlar arzulamışdır.