2 fevral - Gənclər Günü laçınlı gənclər tərəfindən qeyd olundu
2022-ci il 1 fevral tarixdə laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə rayon rəhbərliyi və gəncləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxtakörpü qəsəbəsində, əbədi məşəlin alovlandığı Şəhidlərin Xatirə Kompleksini ehtiramla ziyarət etmiş, hər iki abidə önünə tər qərənfillər düzmüşlər.
Gənclər Günü münasibəti ilə bütün Laçın gəncliyini təbrik edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli gənclərlə söhbətində gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd etməklə, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar.
Xüsusilə qeyd olunmuşdur ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması məqsədilə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Fəxarət hissi ilə vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə Sizə arxalanıram “ ifadəsi ölkə gəncləri ilə yanaşı laçınlı gənclər tərəfindən də dərin razılıq və sevinclə qarşılanır. Hər zaman olduğu kimi bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan Laçın gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı müdrik siyasi fəaliyyətini birmənalı dəstəkləyirlər.
Gülqoyma mərasimindən sonra laçınlı gənclər Rayon İcra Hakimiyyətinin əməkdaşları Məhəmməd Şahbazov, Fətəli Hümbətbəyli və Laçın rayon Gənclər idarəsinin rəisi Natiq Mustafayev, rayon Təhsil şöbəsinin nümayəndəsi Şamo Qasımovla birlikdə Ağcabədi rayonu Taxtakörpü ərazisindəki Qarakeçdi, Şeylanlı, Alxaslı və Vağazin kənd qəbirstanlıqlarına gedərək şəhidlərin ailə üzvləri, kənd ictimaiyyəti nümayəndələri və məktəblilərlə birgə şəhid məzarlarını ehtiramla ziyarət etmiş, ruhlarına dualar oxunaraq qəbirləri üstünə tər qərənfillər düzmüşlər. Görüşdə iştirak edən şəhid valideynləri və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.