AĞ ÖLÜM
Narkotik maddələr, orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Bu maddələr təbii və ya sintetik ola bilər. Narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verən maddənin müəyyən təsiri əldə etmək üçün lazım olan istifadəsi müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq, maddə istifadəsinin davam etdirilməsi və bu istəyin durdurula bilmədiyi bir vəziyətdir.. Maddə istifadəsi adətən maraq və sınaqdan başlayır. Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla bütün orqanlara qalıcı ziyan vurur. Zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Maddə asılılığı insanın bütün sahələrdə qabiliyyətini azaldır. Buna baxmayaraq, insan asılılıq səbəbiylə maddə qəbul etməyə davam edir
Maddə asılılığında fərdi xüsusiyyətlərinin əhəmiyyəti yoxdur. Onu istifadə edən hər kəs eyni asılılıq riskini daşıyır. Bununla birlikdə ətraf amillər böyük əhəmiyyət kəsb edir. Maddəni asanlıqla əldə edə bilmək, rahat istifadə edilə biləcək bir mühitə sahib olmaq və dost qrupunda istifadə edə bilmək riski artırır. Bir maddə istifadə edildikdən sonra nə qədər tez və şiddətlə yalançı "xoşbəxtlik" yaranırsa, bir o qədər tez asılılıq yaradır. Xüsusilə 15 ilə 25 yaş arasında olan gənclər, narkomaniya riski altındadır. Ancaq təəssüf ki, maddə istifadəsinin başlanğıc yaşı 15 yaşdan aşağıdır. Gənclər adətən maraqlı, cəsarətli, yeniliklərə açıq olmaqla duyğuları tez dəyişir, tez sevinir və tez kədərlənirlər. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.
Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Cinayət hesabatlarına nəzər salanda ölkədə narkotik vasitələrin ticarətinin ən populyar cinayət növlərindən biri olduğu üzə çıxır. Yalnız 2021-ci ildə ölkə üzrə qeydə alınan bütün cinayətlərin beşdə biri narkotiklərlə bağlı olub ki, onların arasında da narkotiklərin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni ticarəti üstünlük təşkil edib. Narkotik maddələr ölkə ərazisinə həm tranzit yollarla daxil olur, həm də yerli işbazlar tərəfindən yetişdirilir. Hazırda narkotiklərlə bağlı cinayətlər üzrə saxlanılan şəxslərin sayında azalma müşahidə olunur. Bir qədər bundan əvvəl millət vəkilləri Cinayət Məcəlləsində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı bəzi maddələrin dekriminalizasiyası ilə əlaqədar təklif irəli sürmüşdülər. Onlar məhz narkotik vasitələrin qazanc məqsədi olmadan saxlanılması və istifadəsi ilə bağlı maddələrin dekriminalizasiyasını təklif etmişdilər.
Son illərdə artan narkotik maddələrin növləri, illeqal bazarların genişlənməsi və onlayn platformalara da keçid alması onu göstərir ki, qlobal olaraq narkotik maddələrə qarşı müharibə siyasətini reallaşdırmaq çətinləşməklə dövlət büdcələri və beynəlxalq mübarizə təşkilatları üçün günü-gündən daha çox maddi resurs tələb edir. Narkotik maddələrinin satışını qarşısını almaq çətinləşir və onlayn fəaliyyət göstərən bazarlar isə sürətlə çoxalır. Ən son beynəlxalq hesabatlar göstərir ki, onlayn narkotik bazarlarının müxtəlif sosial şəbəkələr üzərindən fəaliyyət göstərməsi narkotik maddələrin fərdlər tərəfindən əldə edilməsini daha da asanlaşdırır. Onlayn bazar yolları ilə ayrı-ayrı fərdlər narkotik maddələri dostlardan, tanışlardan və dostların dostlarından etibarlı və təhlükəsiz şəkildə sifariş edib ala bilirlər. Bu sosial şəbəkə metodları narkotik satıcılarına da istənilən anonimliyi təklif edir. Bütün bu araşdırmalar detallı olaraq göstərir ki, texnoloji inkişaf sayəsində narkotiklərin alışı və satışı daha da sadələşib. 2009-2021-ci illər arasında son bir ildə narkotik istifadə etdiyini bildirən insanların sayı dünyada 210 milyondan 271 milyona qədər artıb. Dünya narkotik istifadəçilərinə dair hesabata əsasən, bu, 15-64 yaş arası olan dünya əhalisinin 5.5%-ini təşkil edir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 adam (nəfəri) narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındaki yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.
Hazırda narkotiklərlə bağlı cinayətlər üzrə saxlanılanların sayında azalma müşahidə olunur. Bununla belə, 2020-ci ildə hüquq mühafizəçiləri 3758 kiloqram narkotik maddəni, o cümlədən, 2341 kiloqram heroin, 904 kiloqram marixuana, 277 kiloqram həşiş və digər maddələri qeyri-qanuni dövriyyədən çıxarmağa nail olublar.
Prokurorluq orqanlarının fəaliyyəti də aidiyyəti dövlət qurumları ilə birlikdə səmərəli işgüzar əlaqələr yaratmaqla qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa, eləcə də digər qanunazidd əməllərə, o cümlədən sözügedən ümumbəşəri problemə qarşı mübarizəyə yönəlib. Bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.
Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
Laçın Rayon Prokurorluğu