Laçınlı köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində növbəti iməcilik keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində laçınlı məcburi köçkünlərin müvəqqəti olaraq daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi günü-gündən abadlaşaraq müasir yaşayış məntəqəsinə çevrilmişdir. Qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi, qaz və su təminatı ilə yanaşı qəsəbənin abadlaşdırılması və təmizliyi Laçın rayon rəhbərliyinin diqqətində olan ümdə məsələlərdəndir. Bununla bağlı mütəmadi olaraq qəsəbə sakinlərinin və qəsəbə ərazisində fəaliyyət göstərən idarə müəssisələrin iştirakı ilə vaxtaşırı iməciliklər keçirilir. Küçə və yollarda təmir işləri görülür.
21 yanvar 2022-ci il tarixində keçirilən növbəti iməcilik zamanı da ərazidə fəaliyyət göstərən idarə müəssisələrin ətrafı , Qayğı və 552 ailəlik qəsəbələrin küçələri, ərazidəki ticarət - iaşə obyektlərinin ətrafı zibillərdən təmizlənmiş, müvafiq texnikanın köməkliyi ilə ərazidəki yol və küçələrdə hamarlanma işi aparılmışdır. Görülmüş işlər qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.