1990-cı il 20 Yanvar tarixi - imperiyanın süqutu, yenilməz xalqın milli-azadlıq hərəkatının yeni səhifəsidir
Hər bir millətin taleyində müstəsna rol oynayan xüsusi tarixi günlər var ki, həmin gün xalqın qan yaddaşına əbədi yazılır. 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Azərbaycan xalqının imperiyadan birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən ağır cinayətə əl atdı. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş qırğın planı hazırladı. Bakı ətrafına SSRİ güc Nazirliklərinin ən müasir silahlar və texnikalar ilə təchiz olunmuş müxtəlif qoşun hissələri yeridildi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən günahsız insanların gülləbaran edilməsi əməliyyatı xalqın milli oyanışını, azadlığı və suverenliyi uğrunda mübarzəsini sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə edərək, Bakıya qoşun yeridilməsinin əsas məqsədi guya hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin ələ keçirilməsinin qarşısını almaqdan ibarət idi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycanın SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-də saat 00:00-da Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında Fərman verdi. SSRİ Hərbi Qoşunları fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Həmin gün bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri-Bakı küçələrində dinc insanların gülləbaran edilməsi, yüzlərlə ölü və yaralıların, qoca, qadın və uşaqlar amansızcasına qətlə yetirilmişdir. Azərbaycana yeridilən ordu Bakıda və respublikanın müxtəlif rayonlarında 147 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Dövlət müstəqilliyinin bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı yanvar gecəsi baş verən hadisələr xalqımızın azadlıq arzusunu, müstəqillik idealının 70 il davam edən Sovet Hərb maşının repressiyasına rəğmən sönmədi, əksinə yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi.
Azərbaycan xalqı tərəfindən o müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqın səsinə hər kəsdən əvvəl səs verən də elə Ümummilli Lider Heydər Əliyev oldu. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin ittiham edən bəyanat verdi. "Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır". Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri qətiyyətlə pisləyib. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi - hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan möhtəşəm "Əbədi Məşəl" kompleksi də ümummilli lider Heydər Əliyevin Sərəncamına uyğun olaraq layihələndirilərək inşa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Xalqımızın azadlığı yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinə ehtiramı yüksək qiymətləndirən Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə kompleksi inşa edilmişdir. 1990-cı ilin 20 yanvarında ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə yeni parlaq səhifə yazdılar. Vətən uğrunda canlarını qurban verən mərd, igid oğul və qızların uyuduğu Şəhidlər Xiyabanı xalqımızın and yerinə, milli iradəmizin şanlı səlnaməsinə çevrilib. Bu gün Şəhidlər Xiyabanında yanan "Əbədi məşəl" istiqlaliyyət yolumuza işıq salır. Ölməzliyə gedən yol onları əbədiyyətə, xalqımızı isə azadlığa qovuşdurdu. Bu bir şanlı tarixidir. Qanlı yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi yolunda canlarını qurban verən həmvətənlərimiz hər zaman hörmətlə yad olunacaq.
Məğlub milləti qalib xalq etmiş sərkərdə, dünyanı heyrətləndirməyi bacaran dövlət xadimi, Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin gücü ilə 30 ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunması Vətən yolunda canından keçmiş bütün Şəhidlərimizin qisası alınmaqla ruhları rahatlıq tapmışdır. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Hər il olduğu kimi bu ildə faciənin 32-ci il dönümündə də bütün şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur, ruhlarına dualar oxunur.
Ölkəmizin bütün bölgələrində olduğu kimi 2022-cil 20 yanvar tarixində laçınlıların da sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun formada tədbir keçirilmişdir. Ərazidəki Şəhidlərin abidə kompleksi qarşısında keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi hörmətlə yad edilmiş, ruhlarına dualar oxunmuş, əbədi məşəlin alovlandığı Xatirə kompleksi ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları əməkdaşaları, şəhid ailələri və gənclər tərəfindən ziyarət olunaraq abidə önünə tər qərənfillər düzülmüşdür.