Qurban bayramı laçınlılar tərəfindən də geniş qeyd olundu.
15 oktyabr 2013-cü il tarixində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ilə bağlı geniş bayram tədbiri keçirilmişdir.
Çoxsaylı ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayonun ərazidəki fermerləri və imkanlı şəxsləri tərəfindən könüllü olaraq verilmiş 150 başa qədər xırdabuynuzlu, 1 baş iribuynuzlu heyvan müvafiq qaydada kəsilərək, Qurban payları, respublikanın 28 rayonunda məskunlaşmış 1200-ə qədər laçınlı imkansız, tənha, şəhid, əlil, müharibə veteranları və aztəminatlı ailələrə paylanılmışdır.
Taxta-körpü qəsəbəsində keçirilmiş tədbirdə giriş sözü ilə çıxış edən rayonun Axundu bütün xalqımızı, eləcə də rayon sakinlərini Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, dualar oxumuş, uzun illər bu bayramın xalqımıza yasaq edilməsindən danışmış, lakin son 20 ildə dövlət səviyyəsində keçirilməsinə şərait yaradılmasına görə ölkə rəhbərliyinə dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bütün rayon sakinlərini Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, kəsilmiş qurbanların və edilən duaların qəbul olmasını arzulamışdır. Rayon rəhbəri bütün məcburi köçkünlər kimi laçınlıların da qəti əmin olduqlarını bildirmişdir ki, xalqımız növbəti belə bayramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ata-baba yurdlarında, tarixi torpaqlarımızda keçirəcək, öz qurbanlarını orada kəsəcəklər.
Daha sonra tədbirdə rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri çıxış edərək, Qurban bayramının keçirilməsinin əhəmiyyətindən danışmış, qaçqınçılıq və məcburi köçkünçülüyün nəticəsi olaraq, respublikanın müxtəlif bölgələrində yaşayan imkansız həmyerlilərimizin bütün bayram tədbirlərində yada salınmasını yüksək diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
Tədbirin keçirilməsi istər Ağcabədi rayonu Taxta körpü ərazisində, istərsə də respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaratmışdır.