Zəfər paradı tariximizin şanlı səhifəsi kimi yaddaşlara əbədi həkk olundu
Qələbəmizin rəmzi kimi 2020-ci il 10 dekabr tarixində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” deyə qeyd etməsi bütün xalqımızda ruh yüksəkliyi və sevinc hissi yaratmışdır.
Düşmən işğalından Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri tərəfindən orada sancılan Zəfər bayrağı Parada gətirilərək Azərbaycanın İkinci Qarabağ Müharibəsində şanlı qələbəsinin əsas simvolu kimi qürurla nümayiş olunmuşdur.
Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “10 dekabr - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün, dünyanın bütün diqqətini Bakıya yönəltdiyi, Azadlıq Meydanında atılan hər bir addımın, hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi an. Dünyanın diqqətinin Bakıya yönəlməsinin başlıca səbəbləri” kimi xarakterizə olunur. İkinci Dünya Müharibəsindən sonra bir ölkənin işğal, terror, faşizm üzərində qələbəsi, işğalçını kapitulyasiyaya məcbur etdikdən sonra keçirdiyi ilk parad, ən yeni tarixdə regional düzəni dəyişən və yeni reallıqlar ortaya qoyan parad idi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər.
Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Vətən müharibsəində əldə etdiyimiz parlaq qələbə təkcə bizim deyil, qardaş və dost Türkiyənin də qələbəsidir. Hər zaman siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın yanında olmağı xalqlarımız arasında da birliyin, bərabərliyin güclənməsinə təkan verir.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilməsi dövlətimizin hərbi qüdrətinin nümayişi idi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Zəfər paradında nümayiş etdirilən texnikalar Ordumuzun maddi-texniki bazasının zənginliyi dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yeniliklər tətbiq edən ordudur. Bu isə, vətəninə bağlı hər bir vətəndaşımız kimi bütün laçınlılarda da qürur və iftixar hissi doğurur.
Ölkədəki bütün siyasi qüvvələri birləşdirən bu Zəfər Azərbaycanın ədalətli və məsuliyyətli mövqeyini nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması, dövlətimizin yalnız öz hərbi və diplomatik gücündən istifadə edərək qanunlarının aliliyini qoruyaraq, tarixi ədaləti lazımi şəkildə bərpa etməsi idi.
Ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi sayəsində xalqımızın bir yumruq kimi birləşməsi, Qəhrəman Azərbaycan əsgərinin vətəninə, dövlətinə sonsuz sevgisi, hazırlıq səviyyəsi və təchizatı sayəsində, hərbi əməliyyatlar düşmən üzərində inamlı Qələbəsi ilə nəticələndi.
Zəfər paradında ölkə rəhbəri tərəfindən: “Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər Paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi” deyə qeyd etməsi bu birliyin sarsılmazlığını və əbədiliyini dünyaya nümayiş etdirdi.
Bu tarixi Zəfər bütün dünyaya təcavüzkar erməni əsgərinin haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədiyini göstərdi. 44 Günlük Vətən müharibəsində əldə olunmuş Möhtəşəm Qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal olmaqla - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib və bu proses davam edir.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində Şanlı qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdırmağı hədəfləyir.
Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəsin Azərbaycan Ordusunun qüdrətinin şahidi olacağını bildirən dövlət başçısı cənab İlham Əliyev: “Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur yeri olmaqla yanaşı, ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsər, hərbi məktəbdir. Azərbaycan Silahlı Qüvvələrinin gücünü və potensialını hər bir mənada əks etdirən əsl muzey kompleksidir. Həmçinin bu park gələcəkdə də Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək revanşistlər üçün bir ibrət dərsidir. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər” deyə qeyd etməsi xalqımızın haqq işi uğrunda mübarizə apardığını göstərdi.
Zəfər paradı göstərdi ki, Qələbə düsturunu şərtləndirən bütün amillərin hər birinin təməlində məhz ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi daim tarixdə qalmaqla, Qələbənin ildönümü hər il xalqımız tərəfindən qürurla qeyd olunacaqdır. Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!