29 il əvvəl işğal edilən Laçın: 1 güllə atılmadan azad olundu
Bu gün də hər bir laçınlı rayonunun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin bir il əvvəl söylədiyi tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sevinc dolu təəssüratı ilə yaşayırlar.
29 il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı olaraq Laçın rayonu işğal olunmuşdur.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayon sakinləri işğal nəticəsində etnik təmizləməyə məruz qalaraq 300-dən artıq hərbi və mülki şəxs şəhid oldu. Ermənistan tərəfindən rayona ciddi zərər yetirilərək rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmaqla yanaşı rayona ümumilikdə 7.1 milyard dollar həcmində ziyan vurulmuş, 70 minə yaxın rayon sakini ata-baba yurdundan didərgin salınaraq respublikanın 58 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır.
Bir tərəfdən düşmənin havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən isə o zamankı hakimiyyətdə olanların səriştəsizliyi və bacarıqsızlığı ucbatından yenicə əldə olunan dövlət müstəqilliyinin itirilməsi ilə üzləşən xalqımız bu çətin anlarda ulu öndər Heydər Əliyevə müraciət edərək yenidən hakimiyyətə qayıtmasını xahiş etdi. Məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq dövründə çətin həyat tərzinə düçar olan laçınlıların problemləri tədricən düzəlməyə başladı. 2003-cü ildən isə bu böyük missiyanı ümummilli liderimizin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev şərəflə yerinə yetirməyə müvəffəq oldu. Dövlət başçısının diqqət və qayğısı sayəsində bütün çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər hər cür şəraitlə təchiz edilmiş müasir tipli qəsəbələrə köçürüldü. Ölkə başçısının köçkünlərlə keçirtdiyi çoxsaylı görüşlərdə bu yaşayış məskənlərinin köçkünlər üçün müvəqqəti olacağını vurğulanması onların ata-baba yurdlarına dönəcəkləri günün uzaqda olmadığını bildirilməsi isə bütün köçkünlər kimi laçınlı köçkünlərdə tezliklə Laçına qayıdacaqlarına əminliyi daha da möhkəmləndirirdi.
2016-cı ilin aprelindən isə şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək işğal altındakı “Lələtəpə” yüksəkliyi ilə yanaşı bir sıra ərazilərimizin azad etməsi Qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Nəhayət 2020-ci ilin 27 sentyabrından başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi.
Əlbəttə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində , həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Xüsusilə, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Bu gün də düşmən üzərində möhtəşəm Qələbə ilə Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibəti ilə rayonun icra strukturları və idarə müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində tədbir keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanları, idarə müəssisə rəhbərlərinin, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirak etdiyi tədbirdə rayon İcra Hakimiyyəti inzibati binası qarşısındakı ulu öndər Heydər Əliyevin büstü və ərazidəki şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə kompleksi” ehtiramla yad edilərək hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir iştirakçıları könüllülərin iştirakı ilə Qayğı qəsəbəsi ərazisində 400 ədəddən çox həmişəyaşıl ağac əkmişlər.
Tezliklə ata-baba yurdlarına dönəcəkləri günü gözləyən laçınlılar qəti əmindirlər ki, qıssa müddət ərzində Laçın rayonu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əvvəlkindən də gözəl, inkişaf etmiş bir bölgəyə çevriləcəkdir.