Vətən müharibəsi şəhidi Nəcəfov Etibar Mehman oğlunun əziz xatirəsi ehtiramla anıldı
26 Noyabr 2021-ci il tarixində Laçın rayonunun idarə müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü ərazisində Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nəcəfov Etibar Mehman oğlunun əziz xatirəsi ehtiramla anılıb. Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edərək qəbri üstə tər güllər düzmüşlər. Sonra mərasim iştirakçıları şəhidin ata ocağına gedərək onun valideynləri və ailə üzvləri ilə görüşüb, başsağlığı vermişlər. Mərasim zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi ehtiramla anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğalda saxlayan erməni tapdağından azad etdi. Bununla da Vətən Müharibəsində şanlı tarix yazan qəhrəman Ordumuzun əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza Möhtəşəm Qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunaraq hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Nəcəfov Etibar Mehman oğlu- 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olmuşdur. Əslən Laçın rayonunun Şeylanlı kəndindən olan Etibar 2005 ci ildə Ağcabədi rayonu, Aran kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Aran kənd ümumi orta məktəbinin 1-ci sinfinə gedərək 2014-cü ildə doqquzillik məktəbi bitirdikdən sonra təhsilini Ağcabədi rayon Aran kənd 1 nömrəli tam orta məktəbində davam etdirib,2016-cı ildə orta məktəbi başa vuran Etibar 2017-ci ildə hərbi xidmətə gedərək xidmətini Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda “N” saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçən Etibar ön xətdə göstərdiyi xidmətlərinə görə Fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından tərxis olunsa da ruhuna hakim kəsilən vətən sevgisi onu yenidən ordu sıralarına qaytardı. Belə ki, Etibar Nəcəfov 27 sentyabr 2020-ci il tarixində ordumuz tərəfindən başladılan əks-həmlə əməliyyatlarından sonra buna biganə qalmayaraq işğaldakı torpaqlarımızın azad edilməsi naminə könüllü olaraq orduya yazıldı. Duşmənlə hər zaman döyüşmək əzmində olan Etibar 1 oktyabr 2020-ci il tarixində döyüş bölgəsinə yollandı. Etibarın döyüş yoldaşları onun qəhrəmancasına vuruşmağından, cəsarətindən, qorxmaz və dönməzliyindən bu gün də ürək dolusu danışırlar. Məhz bu cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər apardı ki, onun döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda olub, böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Etibar Nəcəfov Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Şeylanlı kənd qəbristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Etibar Nəcəfovun keçdiyi şərəfli döyüş yolu yüksək qiymətləndirilərək ölümündən sonra, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhidin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!