Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.
01 oktyabr 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Laçın rayon Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd etmişlər. Rayon Prokurorluğunun əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədə rayon şəhidlərinin əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksini ziyarət edərək, hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon Prokurorluğunun inzibati binasında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon Prokuroru Ceyhun Almasov 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncamdan danışaraq, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prokurorluğunun sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçdiyini bildirmişdir. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yerini və rolunu müəyyən edib.
Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik etmiş, Azərbaycanda Prokurorluq işçilərinin bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə önəmli rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda Prokurorluq işçiləri həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycan ən stabil, ən sabit bir məmləkətdir deyən Akif Səlimov xalqımızın Ulu öndəri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Prokurorluq işçilərinin öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyini xüsusilə qeyd etmişdir.
Tədbirdə çıxış edən digər hüquq-mühafizə orqanlarının nümayəndələri də Prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında Prokurorluq orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.