AMNİSTİYA
Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə qəbul olunmuş amnistiya aktları və əfv fərmanları on minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.
8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya Azərbaycanda humanizm siyasətinin davamıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Bu kontekstdə respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsünün irəli sürülməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir. Vətən Müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən Müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” 25 may 2016-cı il tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılmaqla prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilmişdir. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icrahakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilmişdir.
Şübhəsiz ki, əfv olunanlar dövlətin onlara inam və etibarını daim hiss edirlər, bu isə onlara layiqli vətəndaş olmaq stimulu verir. Azərbaycan ictimaiyyətinin nümayəndələri isə humanizm nümunəsi olan və böyük sosial əhəmiyyətə malik bu addımları yüksək dəyərləndirirlər.
Laçın rayon prokurorluğu