Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cabbarov Elnur Şahmurad oğlunun xatirəsi ehtiramla anıldı

12 noyabr 2021 | 16:00

       12 Noyabr 2021-ci il tarixində  Laçın rayonunun  idarə müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü ərazisində  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Cabbarov Elnur Şahmurad oğlunun əziz xatirəsi ehtiramla anılıb. Daha sonra 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun da məzarı ziyarət edildi.
         Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Laçınlı millət vəkili Mahir Abbaszadə, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edərək qəbri üstə tər güllər düzmüş, ata ocağına gedərək valideynləri və ailə üzvləri ilə görüşüblər.
        Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq  xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
          Vətən Müharibəsi şəhidi Cabbarov Elnur Şahmurad oğlu - 15 sentyabr  1994-cü ildə Ağcabədi rayonu, Taxtakörpü ərazisində anadan olmuşdur.
Əslən Laçın rayonunun Qarakeçdi kəndindən olan Elnur 2001 ci ildə Ağcabədi rayonu, Taxtakörpü ərazisində fəaliyyət göstərən Laçın rayon Taxtakörpü tam orta məktəbinin 1-ci sinfinə gedərək 2012-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də hərbi xidmətə yollanaraq Bakı şəhərində Fövqaladə Hallar Nazirliyi tabeliyində olan hərbi hissədə xidmət keçmişdir.  2016 –cı ildə sabiq Daxili İşlər naziri Ramil Usubovun şəxsi seçimi ilə Laçın rayon polisinin dəstək heyətinə seçilən Elnur 2020-ci ilin iyun ayında “N” saylı hərbi hissədə  müddətdən artıq həqiqi hərbi xidmətə  başlamaqla zirehli hərbi texnikaya bir kəşfiyyatçı kimi rəhbərlik edib. Duşmənlə hər zaman döyüşmək  əzmində olan Elnur ilk döyüş əməliyyatına Ağdam bölgəsindən başlayaraq Cəbrayıl, Zənğilan , Qubadlı, Xocavənd, Hadrut,Qırmızıbazar, Laçın , Şuşada şərəfli döyüş yolu keçərək şəhidlik zirvəsinə ucaldı.Ağdam döyüşlərindən sonra bütün döyüşlərini XTQ-lərlə keçirən Elnur düşmənə ağır zərbə vuran döyüşçülərdən olub.
       Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə  Elnur Cabbarovun keçdiyi şərəfli döyüş yolu yüksək qiymətləndirilərək  ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhidin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildirmişlər.

                Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər