Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 20 sentyabr 2013-cü il tarixdə Şəki rayonu Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində Laçın rayonundan olan seçicilərlə görüş keçirdi.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri Aqil Nəzərli açaraq, seçkilərə hazırlıq və təbliğat tədbirlərinin gedişi dövründə rayon təşkilatının gördüyü işlər barədə seçicilərə məlumat verdi. O, çıxışında bildirdi ki, cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlər, seçicilərimizin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində başa çatmış, bütün tədbirlərdə seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəklədiklərini və onun seçkilərdə qələbəsinin təmin olunması üçün bütün seçicilərin məntəqələrə gəlmələrini və məhz cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.
Milli Məclisin deputatı Nazim Fərəcov son 10 ildə respublikada cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi sayəsində ölkədə yaranmış siyasi sabitlik, sürətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, əhalinin təqaüd, müavinət və əmək haqlarının hər il artırılması ilə ölkə əhalisinin yaşayış səviyyəsini xeyli yüksəldiyini bildirmişdir.
Natiqlər qeyd etdilər ki, son 10 ildə ölkə başçısı cənab İlham Əliyev bütün bölgələrə dəfələrlə səfər etmiş, sadə əmək adamları ilə görüşmüş, onları dinləmiş və qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına göstərişlər vermiş, icrasına nəzarət etmişdir. Bütün bunların nəticəsidir ki, son illər Respublikamızda müasir tipli müalicə diaqnostika mərkəzi, mərkəzi xəstəxana üçün yeni bina, uşaq bağçaları, yaraşıqlı məktəb binaları, inzibati binalar, məcburi köçkünlər, əlillər və şəhid ailələri üçün yaşayış evləri və digər obyektlər tikilib istifadəyə verilmiş və bu istiqamətdə aparılan işlər davam etdirilir.
Şəki rayonu Çələbixan köçkünlər qəsəbəsində Laçın rayon sakinləri ilə keçirilən tədbirdə çıxış edən qəsəbə məktəbinin müəllimləri Tofiq Əhmədov, Xıdır Əsgərov, Rafayıl İsmayılov, rayon ağsaqqalı Şahverdi Əhmədov, Oqtay Qarayev və başqaları cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sürətli inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sabitliyin və əmin-amanalığın bərpa olunması, tikinti işlərinin geniş vüsət alması məsələlərinin böyük önəm kəsb etməsini xüsusi vurğuladılar. Qeyd olundu ki, bütün ölkə vətəndaşları kimi Laçınlılar da cənab İlham Əliyevi çox sevir, buna görə də qarşıdan gələn 09 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.