Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr – “Anım günü” ilə bağlı laçınlılar tərəfindən də silsilə tədbirlər keçirilmişdir

27 sentyabr 2021 | 16:00

   Laçın   Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda hərb meydanında böyük rəşadət nümunəsi göstərmiş,  döyüşçülər arasında özünəməxsus yeri olan laçınlı şəhidlərin ailələri və məzarları Rayon İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən ehtiram hissi ilə ziyarət olunmuşdur. Şəhid valideynləri ilə aparılan söhbət zamanı  vətənpərvər,  qəhrəman övladlar böyütdüklərinə görə onlara  minnətdarlıq edilmiş, şəhidlərimizin  əziz xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulacağı diqqətlərinə  çatdırılmışdır.
  Bununla yanaşı Taxta Körpü  ərazisində Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış “Xatirə Kompleksi”  ətrafında təmizlik və abadlıq işləri görülməklə 44 günlük  Vətən müharibəsi şəhidlərinin adlarının həkk olunduğu mərmər lövhə  abidəyə   yapışdırılmışdır. Eyni zamanda Tədbirlər Planına uyğun olaraq 13 sentyabr tarixindən başlayaraq, idarə, müəssisə təşkilatlarda və ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmiş,  Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərlinin, şəhid ailələri və Qarabağ  müharibəsi qazilərinin, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Taxta Körpü ərazisində bir neçə dəfə ağacəkmə aksiyası keçirilərək müəyyən olunmuş  yerlərə 646 ədəd həmişəyaşıl ağacı əkilmişdir. 
Həmçinin 27 sentyabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə şəhid ailələri və Qarabağ  müharibəsi qazilərinin, habelə çoxsaylı  rayon sakinlərinin iştirakı ilə ərazidə rayon  şəhidlərinin əziz xatirəsinə ucaldılmış “Xatirə Kompleksi” önündə pandemiya və karantin qaydalarına uyğun geniş toplantı keçirilmişdir. Toplantıda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 2020-ci il 27 sentyabrda erməni təxribatının qarşısının cəsarətlə alındığını, cəmi 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək şanlı qələbəyə nail olunduğunu bildirmişdir. Eyni zamanda  işğal altındakı toraqlarımızın azad edilməsi naminə  öz canını və qanını əsirgəməyən şəhidlərimizin qəhrəmanlığına diqqət yetirilərək onların ruhu qarşısında baş əydiyini bildirmiş, şəhid ailələri və qazilərin problem və çətinliklərinin aradan qaldırılmasının dövlətimizin daim diqqətində olduğunu qeyd etmişdir. Sonra şəhidlərin “Xatirə Kompleksi”nə Laçın Rayon İcra Hakimiyyəti adından əklil qoyulmuş, toplantı iştirakçıları tərəfindən tər qərənfillər düzülmüşdür.  Ümumi toplantıdan sonra rayon rəhbəri şəhid ailələri, qazi və ictimaiyyət nümayəndələri ilə birlikdə Taxta Körpü ərazisindəki Şeylanlı, Qarakeçdi və Alxaslı obalarına gedərək, həmin kənd qəbirstanlıqlarında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etmiş, qəbirüstü abidələrinə tər qərənfillər düzülmüş, ruhlarına dualar oxunmuşdur. 
              27 sentyabr saat 12:00-da ölkə ərazisində olduğu kimi laçınlıların məskunlaşdığı Taxta Körpü ərazisində  də küçə, prospekt və meydanlarda insanların və nəqliyyat vasitələrinin hərəkətlərinin dayandırılması ilə bağlı zəruri tədbirlər görülərək Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
          Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər