Azərbaycan Respublikası Prokurorluğu 103 illiyi
Ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxmış, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.
1918-ci il mayın 28-də ölkəmizdə milli hakimiyyətin qurulmasından sonra öz idarəçilik sistemini yaradan Xalq Cümhuriyyəti həmin il oktyabrın 1-də özünün prokurorluq orqanlarını yaratdı. Ümummilli lider Heydər Əliyev ölkəmizdə prokurorluğun ilk dəfə yaranması və fəaliyyətə başladığı həmin günü əsas götürərək 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar hadisənin qeyd olunmasını rəsmiləşdirmişdir. Ulu öndərin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir prokurorluq əməkdaşında qürur hissi doğurur. Elə buna görədir ki, Azərbaycan Respublikası prokurorluq orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranları və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan prokurorluğunun yaradılmasının 103-cü ildönümünü böyük sevinclə bayram edirlər.
Müstəqil Azərbaycan Respublikası prokurorluğunun dövlətçiliyin maraqlarına və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Respublikamızda hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının ardıcıl həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1996-cı ildə dahi rəhbər Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı.
Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında" qanunların, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ-hüquqi aktların qəbulu hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır.
Prokurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Lakin ümummilli lider Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini reallaşdırmış və bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.
Məqsədi demokratik və hüquqi dövlət qurmaq olan xalqımızın səyləri nəticəsində, bütün ölkə miqyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlayaraq hərtərəfli islahatların həyata keçirildiyi belə bir şəraitdə prokurorluğun məqsədli şəkildə həmin proseslərdən kənarda qalması, həmin illərdə yığılıb qalmış problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, qanunsuzluq hallarına qarşı mübarizədə barışdırıcı mövqenin formalaşması bu məsələlərə dövlət başçısı səviyyəsində müdaxilə edilməsinə zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən görüşdə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunları pozmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yuvarlanması, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu.
Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi, dövlət başçısının həmin görüşdəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təklifi ilə 2002-ci ildə "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən verildi.
Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa möhtərəm Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.
Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur. Həyata keçirilən islahatlar nəticəsində məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi prokurorluğun prioritet fəaliyyət istiqamətlərindən biri hesab edilmiş, cinayət-mühakimə icraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi bir şəraitdə prokurorun hüquqi statusunda əsaslı dəyişikliklər baş vermişdir. Cinayət təqibinin həyata keçirilməsi zamanı obyektivliyi təmin edən dəyişikliklərdən biri də yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsasən cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorun məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməməsidir. Aparılan həmin islahatlar nəticəsində Baş Prokurorluğun tərkibində dövlət ittihamının müdafiəsini həyata keçirən müvafiq struktur qurum təsis edilərək, peşəkar dövlət ittihamçıları korpusu formalaşdırılmışdır.
Prokurorluğun məhkəmələrdə dövlət ittihamının müdafiəsinin təşkilinə məsul olan qurumlarının strukturu ölkənin məhkəmə sisteminə uyğunlaşdırılsa da, Hərbi və Bakı şəhər prokurorluqlarının dövlət ittihamının müdafiəsi üzrə idarələrinin, eləcə də rayon (şəhər) prokurorluqlarının dövlət ittihamını müdafiə edən prokurorlarının iş yükünün qeyri-bərabər bölünməsi və bu kimi hallar dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin bir daha təkmilləşdirilməsini zəruri edirdi.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 19 yanvar 2006-cı il tarixli və "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" 17 avqust 2006-ci il tarixli fərmanlarına əsasən, ərazi üzrə yeni apellyasiya və iqtisad məhkəmələri yaradılması möhtərəm Prezident İlham Əliyevin qayğısı nəticəsində dövlət ittihamçılarının işinin yeni keyfiyyət səviyyəsində qurulmasına rəvac verilmişdir.
Azərbaycan Respublikasının Prokurorluğu başqa dövlətlərin hüquq-mühafizə və digər səlahiyyətli orqanları, beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verərək ekstradisiya, hüquqi yardım, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edir. 2001-ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisələrindən sonra Azərbaycan Respublikasının terrorçuluqla mübarizə koalisiyasına qoşulması Azərbaycan Respublikası Prokurorluğunun nüfuzuna əhəmiyyətli dərəcədə öz təsirini göstərdi.
Ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra həmin təşkilatın İnsan Haqları və Hüquqi Əməkdaşlıq Departamenti ilə əlaqələri daha da möhkəmləndirilmişdir. BMT-nin İqtisadi və Sosial Şurasında beynəlxalq ekspert təşkilatı statusunu qazanmış Beynəlxalq Prokurorlar Assosiasiyası hazırda dünyanın 100-dən artıq ölkəsini əhatə edir. Bu mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2001-ci il may iclasının Bakıda keçirilməsi, həm təşkilatın fəaliyyətində, həm də müstəqilliyini bərpa edərək hüquqi, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında əlamətdar hadisə olmuşdur.
Böyük Britaniya, Danimarka, Braziliya və Koreyanın baş prokurorlarını, habelə İcraiyyə Komitəsinin tərkibinə daxil olan digər ölkələrin prokurorluq xidmətlərinin rəhbər işçilərini qəbul edən ulu öndər Heydər Əliyev həmin təşkilatla əməkdaşlığımıza qiymət verərək demişdir: "Əminəm ki, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlığımız cinayətkarlığın qarşısının alınması və qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olunmasına dəyərli töhfəsini verəcəkdir".
1 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamran Əliyevi Baş prokuror vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbulu zamanı korrupsiyaya qarşı daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılmasını tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar Prokurorluq orqanlarınında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.
Həmin tövsiyələrdən irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il may ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilərək, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olunmuş, prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılmış, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılmış, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.
Həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində görülən tədbirlər nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən çevik və işlək dövlət təsisatı kimi formalaşaraq, bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir beynəlxalq standartlara uyğun şəkildə həll edilmiş, prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək qabiliyyətinə malik olan yüksək peşə hazırlıqlı, bacarıqlı kadrlarla komplektləşdirilməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarının strukturu və tərkibi yenilənməkdə davam edir və onun fəaliyyətinin təkmilləşdirilməsi üçün bu gün də əməli tədbirlər ardıcıl olaraq həyata keçirilir. Prokurorluq orqanlarının yaranmasının yüz üç illiyi münasibətilə mən bütün xalqımızı və həmkarlamızı təbrik edir və onlara can sağlığı, işlərində uğurlar arzulayıram.
Laçın rayon prokurorunun
köməkçisi vəzifəsi üzrə stajor İlqar Niftəliyev