Ali məktəblərə qəbul olunan laçınlı tələbələrlə görüş ənənəsi bu il də davam etdirildi.
21 sentyabr 2013-cü il tarixində R.Behbudov adına Mahnı teatrında 2013-2014-cü il üçün Ali məktəblərə qəbul imtahanlarında uğur qazanmış laçınlı tələbələrlə görüş keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr, müəllim kollektivləri və valideynlərlə yanaşı Laçın rayonundan olan ziyalılar, ali məktəb müəllimləri də iştirak etmişlər.
Tədbiri açıq elan edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu il ali məktəblərə qəbul olunan tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Laçın rayonundan olan məzunların bu ilki ali məktəblərə qəbulu zamanı əldə olunan nəticə bu günə qədər rayonun tarixində əldə edilən ən yüksək göstəricidir. Bu il Laçın rayonunun məktəblərini bitirmiş məzunlardan 206 nəfərin respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmaları olduqca əlamətdar bir haldır. Bu uğurların təməlində xalqımızın Ulu öndəri Heydər Əliyevin təhsil siyasəti dayanır. İstər Sovetlər dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev təhsilə hər zaman yüksək qiymət vermiş, onu dövlətin və hökumətin qarşısında dayanan ən prioritet məsələlərdən biri hesab etmişdir. Ulu öndər tərəfindən müəyyənləşdirilən digər konsepsiyalarla yanaşı, təhsil konsepsiyasının da bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla aparılması ölkəmizin bugünkü inkişafını şərtləndirən amillərdən birinə çevrilmişdir.
Tədbirdə çıxış edən Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev bildirmişdir ki, rayonumuzun ümumtəhsil məktəblərinin buraxılış imtahanlarındakı göstəriciləri respublika göstəricisindən yüksək olmuşdur. Ötən dərs ilinin XI sinfində təhsil alan 572 nəfər şagirddən 447 nəfəri, yəni 78,35 %-i müvəffəq qiymətlər almışlar. Məktəbi bitirən məzunlardan 404 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 206 nəfəri, yəni 51%-i ali məktəblərə qəbul olunmuşlar. Ötən illərdəki məzunlarla birlikdə bu il məktəbimizi bitirən 296 nəfər ali məktəblərə, 42 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Bu ilki imtahanlarda 32 nəfər məzun 500-dən, o cümlədən 9 nəfər məzun 600-dən yuxarı bal toplamışdır. Çıraqlı kənd tam orta məktəbin məzunu Babayev Samir Mübariz oğlu 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür.
Sonra tədbirdə iştirak edən ziyalılar, ali məktəb müəllimləri çıxış edərək tələbələri təbrik etmiş, onlara təhsildə və həyatda müvəffəqiyyətlər arzulamışlar.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən “Notebook” kompüterlər və qiymətli hədiyyələr təqdim olunmuşdur.