Məişət zorakılığına yox deyirik
20 may 2021-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti, YAP Laçın rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qarabağ bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı onlayn formatda tədbir keçirilib.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, həmçinin rayonun Təhsil, Mədəniyyət, Səhiyyə, Gənclər təşkilatı, hüquq mühafizə orqanlarının işçiləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, müzakirə eilən məişət zorakılığı problemi bu günün deyil əsrlərlə gələn problemlərdən biridir. Burada əsas məsələ insanların savadlılığının artırılması, tərəflərin biri-birinə insani münasibətlər aşılamaqla yaşamasının inkişaf etdirilməsindədir. Azərbaycanda məişət zorakılığı hallarına təsadüf olunsa da ümumilikdə adət-ənənələrimiz, milli dəyərlərimiz istənilən zorakılıq halına qarşı immunitet rolunu oynayır və ölkəmizdə qadına və ailə dəyərlərinə böyük qiymət verilir.
Bildirilib ki, beynəlxalq təcrübəyə əsaslanan məişət zorakılığı, insanların qarşılıqlı münasibətdə hüquq pozmalara yol açan hərəkətlərinin beynəlxalq hüquqla tənzimlənmə metodlarından istifadə edilməklə yanaşı Azərbaycanda da bu sahədə işlər aparılır və uğurlu nəticələr əldə olunur. Xüsusilə o da vurğulanıb ki, ölkəmizdə məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə Milli Fəaliyyət Planının təsdiq edilməsi, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Həmçinin, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir.
Sonda iştirakçılar tərəfindən belə tədbirlərin keçirilməsinin mütəmadi xarakter daşımasının və əhatə dairəsinin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur.