Şriftin ölçüsü :

Saytın rəngi :

28 il əvvəl işğal edilən Laçın: 1 güllə atılmadan geri qaytarıldı

18 may 2021 | 16:00

     Bu gün hər bir laçınlı Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sevinc dolu  təəssüratı ilə yaşayırlar.
 
    Dövlət başçısının xüsusilə  “Bir güllə atılmadan”  27 il əvvəl özbaşınalıq, səriştəsizliklə düşmənə təslim edilmiş Laçınını azad olunma xəbərini müjdələyirdi. Bəli, 28 il bundan əvvəl, elə bu günlərdə, bu saatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olundu. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. Həmi vaxt, Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edə bildi. Ən dəhşətlisi isə o idi ki,  həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan  silahlı qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Düz 28 il əvvəl AXC-Müsavat cütlüyünün Bakıda hakimiyyəti silahlı yolla ələ keçirmək üçün Qarabağın müdafiəsində dayanan əsgərləri silahları və zirehli texnikaları ilə birgə Ali Sovetin ətrafına yığdığını da heç kim unutmayıb. Ölkə başçısının da dəflərlə qeyd etdiyi kimi, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat hakimiyyətinin, o vaxt o partiyaların rəhbərliyinin və onların üzvlərinin xalq qarşısında   ən  bağışlanılmaz günahı idi.

    Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının əhalisi işğal nəticəsində  etnik təmizləməyə məruz qalaraq 300-dən artıq hərbi və mülki şəxs şəhid oldu.  Ermənistan tərəfindən rayona  ciddi zərər yetirilərək  217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmaqla yanaşı  rayona ümumilikdə 7.1 milyard dollar ziyan həcmində ziyan vurulmuşdur.
       Lakin respublikamız üçün bu çətin anlarda  xalqımızın təkidi ilə ikinci dəfə  hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevin xilaskarlıq dövründə çətin həyat tərzinə düçar olan laçınlıların problemləri tədricən düzəlməyə başladı. 2003-cü ildən isə bu böyük missiyanı ümummilli liderimizin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev şərəflə yerinə yetirməyə müvəffəq oldu. Dövlət başçısının diqqət və qayğısı sayəsində bütün çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər hər cür şəraitlə təchiz edilmiş müasir tipli qəsəbələrə köçürüldü. Ölkə başçısının köçkünlərlə keçirtdiyi çoxsaylı görüşlərdə bu yaşayış məskənlərinin köçkünlər üçün müvəqqəti olacağı vurğulanmaqla onların ata-baba yurdlarına dönəcəkləri günün uzaqda olmadığı  bildirilməsi isə  bütün köçkünlər kimi biz laçınlılarda da tezliklə rayonumuza qayıdacağımıza əminliyi daha da möhkəmləndirirdi.
       2016-cı ilin aprelində isə  Şanlı Ordumuzun  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək işğal altındakı “Lələtəpə” yüksəkliyi ilə yanaşı bir sıra ərazilərimizin azad etməsi Qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Nəhayət  2020-ci ilin 27 sentyabrından başlayaraq cəmi 44 gün ərzində Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı  Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə   yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi.
       Əlbəttə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində  həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.  Xüsusilə qeyd edirik ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevdir.
       Bu gün də düşmən üzərində möhtəşəm  Qələbənin xoş  təəssüratı ilə yaşayan hər bir azərbaycanlı kimi laçınlılar da rayon rəhbərliyinin iştirakı ilə  rayonun icra strukturları və idarə müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə kompleksi”ni ehtiramla yadd edərək kompleks önünə tər qərənfillər düzmüşlər. Bu gün də ata-baba yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyən laçınlılar qəti əmindirlər ki, qısa müddət ərzində  Laçın rayonu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əvvəlkindən də gözəl, inkişaf etmiş bir bölgəyə çevriləcəkdir.

Keçidlər