Sağlam ailə dövlətin sosial dayağıdır
Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilmişdir. Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətində ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin rifahı üçün önəmli layihələr həyata keçirilir.
Ailə dəyərlərinin qorunub inkişaf etdirilməsi ilə əlaqədar cari ildə də ölkəmizin bütün regionlarında olduğu kimi 15 may - "Beynəlxalq Ailə Günü" ərəfəsində Laçın rayonunda da COVİD-19 pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir. Belə ki, rayonun ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri arasında “Azərbaycan ailə modeli” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi, rayonun nüfuzlu şəxslərinin iştirakı ilə gənc ailələrlə “Ailə xoşbəxtliyin açarıdır”, habelə ağsaqqal və ağbirçəklərinin iştirakı ilə “Yaşlı nəslin təçrübəsindən faydalanırıq” mövzusunda onlayn formatda söhbətin aparılması rayonda ailə münasibətlərinin tənzimlənməsində müsbət əhəmiyyət kəsb edəcəkdir.