Şriftin ölçüsü :

Saytın rəngi :

Nurlu ömrün töhfələri

28 aprel 2021 | 16:00

     Bu gün xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ili tamam olur. Bu münasibətlə 28 aprel 2021-ci il tarixində  Laçın Rayon İcra Hakimiyyəti və “Laçın Rayon Mərəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə onlayn formatda tədbir keçirilmişdir. Tədbirin əvvəlində akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.
    Tədbirdə   giriş  nitqi ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Laçın Rayon təşkilatının sədri İlqar İlyasov dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyini qeyd edərək görkəmli alimin keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirmişdir.
     Qeyd olunmuşdur ki, alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.
    Xüsusilə vurğulanıb ki, Zərifə xanım Əliyeva  Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış,  mili dəyərləri övladlarına böyük məhəbbətlə təlqin etmiş ləyaqətli bir ananın - Leyla xanımın tərbiyəsi ilə böyümüş, Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömür-gün yoldaşı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylayan, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət! Eyni zamanda, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan bir şəxsiyyət idi.
  Tədbirdə çıxış edən səhiyyə işçiləri  və ictimaiyyət nümayəndələri   Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan  Zərifə Əliyevanın  vaxtilə ölkəmizdə  geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların həmçinin,  12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmaqla respublikamızda bu sahədə yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük xidmətləri olduğunu bildirmişlər.
Qeyd olunub ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonu olacaqdır.

Keçidlər