30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsi
Sovetlərin dağılmasından sonra Azərbaycandakı siyasi rəhbərliyinin yarıtmazlığından, ölkədəki siyasi anarxiyadan, hərc-mərclikdən istifadə edən Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdi. İşğal zamanı erməni qəsbkarları tərəfindən saysız-hesabsız günahsız insanlar qətlə yetirilib, ata-baba yurdlarından didərgin salınanların sayı isə durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoydu. Vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Belə bir zamanda ölkəninin nicat tapması, işğaldan və daxili parçalanmadan qorunması üçün xalqın şəxsiyyət və milli liderə ehtiyacı əsas şərt idi. Beləliklə, vətənin ən ağır günündə xalq Azərbaycanın xilasını yalnız Heydər Əliyevin simasında gördü. Elə o zamandan da sözün həqiqi mənasında, ölkəmizin taleyində çox böyük dönüş anı oldu. Hələ Azərbaycanın dövlət kimi parçalanmaq mərhələsində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş mərhum prezident Ulu öndər Heydər Əliyev öz çıxışlarında daim Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbrlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu deyir, həm də düşmənə xəbərdarlıq edirdi ki, Azərbaycan həmişə 90-cı illərdə olduğu kimi zəif olmayacaq, Azərbaycan güclənəcək və öz torpaqlarını geri alacaq. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra atəşkəs imzalandı, enerji layihələrinin əsası qoyuldu, Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün zəmin yarandı. Məhz bu dövrdə "müvəqqəti atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.
Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq xarici havadarlarının gücü ilə formalaşdırılmış, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 28 il ərzində "məkik diplomatiyası" yolu ilə problemin hərbi yolla həllinə imkan verməmişdi. Nəinki imkan verməmiş, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. Süni şəkildə yaradılmış çətinliklərə, xristian həmrəyliyinə, Ermənistana edilən havadarlığa, onun hərtərəfli şəkildə silahlandırılmasına, regionda gedən geosiyasi mübarizəyə baxmayaraq, zaman Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə səbir, qətiyyət və iradə tələb edirdi. Ümummilli lider Heydər Əliyev təsadüfi olaraq demirdi ki: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər''. Bu əzm və qətiyyəti onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərdi və göstərməkdə davam edir.
Heydər Əliyevin "neft və kommunikasiya" diplomatiyasinın reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatçısına çevrilmiş, beynəlxalq və regional qurumlarda mövqelərini möhkəmləndirmiş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və İslam dünyasının digər dövlətləri ilə isti münasibətlər qurmuş, "balans siyasətini" yeritməklə Cənubi Qafqazda sabitliyi təmin etmiş, Rusiyanı, ABŞ-ı, İranı və digər Ermənistana havadarlıq edən dövlətləri neytrallaşdırmış, Türkiyə və Pakistanın ciddi siyasi-mənəvi dəstəyinə nail olunmuş, yüzlərlə beynəlxalq tədbirə evsahibliyi edilməsi yolu ilə respublikamızın müsbət imici formalaşdırılmışdı. Diplomatik-siyasi müstəvidə qazanılmış bu uğurlar və yüksək səviyyəli milli ordunun yaradılması fəaliyyətimizin ağırlıq mərkəzinin hərbi müstəviyə keçirilməsinə şərait və imkan yaradırdı. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına çalışır, lakin müharibə variantını da istisna etmir, lazım gələrsə, öz torpaqlarımızı müharibə yolu ilə qaytaracağımızı deyirdi. Necə deyərlər sülh istəyirsənsə, müharibəyə hazır ol. Çox mürəkkəb geosiyasi regionda yerləşən, uzun zaman Qarabağ münaqişəsində təklənmiş Azərbaycan siyasi şərtləri düzgün dəyəndirməli və əlverişli zamanda mühüm qərarlar verməli idi. Əbəs yerə cənab prezident “Biz nəyi nə zaman edəcəyimizi bilirik” demirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın provakativ bəyanatlarını cənab Prezident soyuqqanlı qarşıladı. Ermənistanın Tovuz təxribatından sonra hakimiyyətlə həmrəyliyini bildirən və Qarabağı müahribə yolu ilə qaytarmağa səbirsizləşən xaqlımıza cənab Prezident lazım olan vaxtda lazım olan addımların atıldığını və atacağını, hələlik bundan artıq heç nə deməyərək hadisələri qabaqlamaq istəmədiyini, Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmədiyini, bunun xalqımız üçün zərərli ola biləcəyini deyirdi. Cənab Prezdient: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”
Ermənistanın keçmiş rəhbərliyi 2016-cı il aprel döyüşlərindən olduqca ciddi "dərs aldı", yəni müharibə baş verəcəyi təqdirdə Azərbaycanın nəyə qadir olacağını dərk etdi. Sorosun dəstəyi ilə "asanlıqla" hakimiyyəti ələ keçirən yeni baş nazirin – N.Paşinyanın gördüyü ilk işlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını nəzərdə tutan "Madrid prinsipləri"ndən imtina etmək oldu. Münaqişəni nizamlamaq yox, yeni əraziləri işğal etmək yolu ilə status-kvonu əbədi etməyi qərarlaşdıran N.Paşinyan hökuməti İkinci Qarabağ müharibəsinin əsas təşəbbüskarı və səbəbkarıdır.
Azərbaycanın sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış tikintilərinin hədəfə götürülməsinin tədricən adi hal alması Azərbaycan xalqının hərbi əhvali-ruhiyyəsini gücləndirir və hakimiyyət orqanlarından ciddi tədbirlərin görülməsi tələb edilirdi. Bu ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi.
Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı. Noyabrın 10-da gecə saat 3.00 radələrində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət Bəyanatı imzaladılar. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqımıza, dünya azərbaycanlılarına müraciət etdi: "Biz qalib gəldik. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır''.
Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı. Hazırda Ermənistan keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın yaşadığı mürəkkəb, ziddiyyətli və qalmaqallı günləri yaşamaqdadır. Ermənistanın qüdrəti, lobbisinin gücü, etməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu formalaşdırılmış miflər milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında "cəhənnəmə vasil oldu". Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Noyabrın 10-da gecə imzalanmış Bəyanat Ermənistanın qeyd-şərtsiz təslim olduğunu dünyaya bəyan etməklə türk-İslam birliyinin qüdrətini bütün dünyaya göstərdi, Azərbaycan "sivilizasiyaların toqquşmasından" qalib çıxdı, suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü.
Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.
Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.
Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sardan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin nəticələrini qiymətləndirərkən qonşu dövlətlər, tərəfdaş olduğumuz, əməkdaşlıq etdiyimiz ölkələrlə səmimi, dostluq və qarşılıqlı maraqları təmin edən münasibətlər quran, eləcə də respublikamızda davamlı inkişafı təmin edən optimal siyasi hakimiyyət sisteminin fəaliyyəti sayəsində dövlətimizin nail olduğu güclü, çoxşaxəli iqtisadi inkişafı və iqtisadi qüdrəti də həlledici faktorlardan biri kim qeyd etmək lazımdır. Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması zamanın reallığıdır. Eyni zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib, ən müasir silah sistemləri alınaraq silahlanmaya qəbul edilib. Artıq heç kimə sirr deyil ki, Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə isə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən taleyüklü addımlar atılıb ki, bunun da müsbət nəticələrini 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahid olduq. Hamıya məlumdur ki, bütün bu sadaladıqlarımız güclü iqtisadiyyat, dayanıqlı inkişaf və böyük maliyyə resursları olmadan təsəvvür edilə və həyata keçirilə bilməz.
Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, Xalqımızın, Ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.
Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə, ən yüksək təriflərə layiqdir.
Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!”.
İlkin Mustafayev,
Laçın rayon prokuroru,
kiçik ədliyyə müşaviri