Laçın Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
16 sentyabr 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində Laçın Rayon Təhsil şöbəsi üçün tikilmiş bütün infrastruktura malik yeni inzibati bina rayon təhsil işçilərinin istifadəsinə verilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri açıq elan edən Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda təhsilə olan xüsusi diqqət və qayğısından danışaraq, bütün təhsil işçiləri adından dövlət başçısına minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun bütün təhsil işçilərini Bilik günü və yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmişdir. Rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 206 nəfərin respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran rayon rəhbəri, bu ənənənin yeni tədris ilində də davamlı olmağını arzulamışdır.
Eyni zamanda işğal altında olan torpaqlarımızın ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacağına əminliyini ifadə edən rayon rəhbəri növbəti Bilik gününü öz doğma yurdumuzda qarşılanmasını arzulamışdır.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri də rayonda aparılan abadlıq-quruculuq işlərini alqışlamış, məcburi köçkünlərə olan dövlət qayğısından danışmış, Təhsil Şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsinin rayonda təhsilin inkişafına yeni təkan olacağına ümüdvar olduqlarını bildirmişlər.
Daha sonra Rayon Təhsil Şöbəsinin inzibati binasına baxış keçirilmişdir. İki mərtəbəli 19 otaq, 1 akt zalından ibarət olan bina bütün inventar-avadanlıqlarla və kompyüterlərlə təchiz edilmişdir. Binanın həyətində bir içməli su anbarı, yanğındanmühafizə üçün su anbarı tikilmiş, binanın ətrafında ağac və gül kolları əkilmişdir.
Bilik gününə təsadüf edən bu tədbir təhsil işçilərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.