20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu
31 İldir ki xalqımız 1990-cı ilin 20 Yanvar tarixini Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edir. Məhz otuz bir il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Dinc əhaliyə qarşı görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 nəfər insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib ki, həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Hər il ölkəmizin bütün guşələrində şəhidlərin adını əbədiləşdirən “Xatirə Kompleksləri” ziyarət edilərək, bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq anım tədbirləri keçirilir. Əvvəlki illərdə olduğu kimi cari ildə də Koronavirus COVİD-19 virusunun yayılması ilə bağlı ölkəmizdə tətbiq edilən karantin qaydalarına uyğun olaraq rayonun idarə və müəssisələrində, kənd icra nümayəndəliklərində anım mərasimlərinin keçirilməsi təşkil edilmiş, laçınlıların daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işlərinin aparılması təmin olunmuşdur. Eyni zamanda 20 yanvar 2021-ci il tarixdə şəhidlərin əziz xatirəsinə ucaldılmış “Xatirə Kompleksi” Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, habelə ictimaiyyət nümayəndələri tərəfindən karantin qaydalarına uyğun şəkildə ziyarət olunaraq, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, iştirakçılar tərəfindən abidənin önünə tər qərənfillər düzülmüşdür.
Eyni zamanda 20 Yanvar günü matəm əlaməti olaraq yaşayış məntəqələrində, rayonun bütün idarə və müəssisələrində dövlət bayraqları endirilmiş, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və avtomobillərdən səs siqnallarının verilməsi təmin olunmuşdur.