Laçın rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir.
06 sentyabr 2013-cü il tarixdə rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Konfransdan əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxta körpü qəsəbəsindəki Ulu öndər Heydər Əliyevin büstünü və Şəhidlərin xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Rayon Mədəniyyət evində keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlamışdır.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev “2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayon təhsil sistemində əldə edilmiş uğurlar, həmçinin problem və geriliklər ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, ölkə Prezidentinin daim diqqət və qayğısı ilə əhatə olunan laçınlı təhsil işçilərinin ötən tədris ilində əldə etdikləri ən önəmli nəticə isə rayon üzrə bir nəfər qabaqcıl təhsil işçisinin “Əməkdar müəllim”, rayonun tam orta məktəbini bitirən 572 nəfər şagirddən 206 nəfərin tələbə adına layiq görülməsi, 32 nəfərin 500-dən, o cümlədən 9 nəfərin isə 600-dən çox bal toplamasıdır. Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin təhsilə göstərdikləri hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm Sərəncamların imzalandığını qeyd edərək məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Rayon rəhbəri bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmış, yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun 23 ümumtəhsil məktəbində əsaslı və cari təmir işləri həyata keçirilmiş, rayon Təhsil şöbəsinin yeni inzibati binasının tikintisində işlər başa çatmışdır. Görülmüş işlərlə yanaşı rayonun təhsil sistemində mövcud olan nöqsanlara münasibət bildirən rayon rəhbəri Təhsil şöbəsi və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması tapşırılmışdır.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi İsak Məmmədov iştirak etmişdir.
Sonra gündəlikdə olan digər məsələ, Respublika Müəllimlər Qurultayında rayonun təhsil işçilərini təmsil etmək üçün nümayəndələr seçilmişdir.
Konfransda həmçinin ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.