Şriftin ölçüsü :

Saytın rəngi :

10 dekabr 2020-ci il tarixində Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib

12 dekabr 2020 | 16:00

Qələbə paradında çıxış edən ölkə  Prezidenti cənab İlham Əliyev bu anlarda  Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşadığını bildirmişdir.

   “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Dövlət başçısı çıxışında Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdiyini xüsusi ilə vurğulayaraq . Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın  ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdiyini qeyd etmişdir. Bildirilmişdir ki, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdığı və  sevindirdiyi qeyd olunmuşdur. 
Ali Baş Komandan cənab İlham Əliyevin çıxışında  44 günlük Qələbə müharibəsi zamanı Azərbaycanın Ermənistanı məğlub etdiyi, işğala son qoyduğu fəxarətlə bildirildi. Dövlət başçısı 44 günün hər günü şanlı tarix olduğunu, hər gün Azərbaycan Ordusu irəli getdiyini,  hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdiyini,  Azərbaycan əsgərinin, Azərbaycan zabitinin  bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın deyə qürurla qeyd etmişdir.
Ölkə Prezidenti çıxışında qeyd etmişdir ki, dünya tarixi həqiqətləri bilməlidir. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. Hmçinin,  o vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salındığı. Zəngəzur, Göyçə, İrəvan mahalının Azərbaycanın tarixi torpaqları olduğu bildirilmişdir. 
Dövlət başçısı,  hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir deyərək, uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparıldığını,  bu işin səmərəsi olduğunu bildirdi. Məhz bunun sayəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Qeyd olunmuşdur ki, beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
Ölkə başçısı çıxışında vurğulamışdır ki, münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Beləki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Bildirilmişdir ki, son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Çıxışında  Azərbaycan xalqının   səbirli və qəhrəman xalq olduğunu bildirən dövlət başçısı  Qələbəni 30 ilə yaxın müddət ərzində gözləməklə yanaşı  30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Bunun sayəsində  Ermənistan ordusu demək olar ki, yoxdur, onun məhv edildiyi bildirilmişdir.
Dövlət başçısı çıxışında Azərbaycanın tarixində yeni səhifə başlandığını vurğulayaraq, ölkəmiz üçün yeni - quruculuq dövrünün başlandığını bildirmişdir. Qeyd olunub ki, mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcəkdir.
Dövlət başçısı çıxışında xüsusilə qeyd etmişdir ki, hər bir Azərbaycanlı hərbiçi qəhrəmandır. Müharibə  zamanı  Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bildirilib ki, bu müharibədə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Artıq Azərbaycanın quruculuq missiyasının  başlandığını bildirən ölkə Prezidenti bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə də fəal olacağını vurğulamışdır.

Ermənistanın qaçılmaz məğlubiyyəti labüd idi

Ölkə Prezidenti çıxışında  bu müharibə zamanı  Erməni miflərinə son qoyulduğunu bildirdi. Qeyd olundu ki,  Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Bildirildi ki, kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb deyə vurğulanmışdır.  
Dövlət başçısının çıxışında rəsmi İrəvanın  hərbi cinayətkar olduğu qeyd olunmuşdur. Belə ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulduğu bildirilmişdir. 
Bununla yanaşı dövlət başçısı çıxışında  Ermənistan ordusunun  eyni zamanda mənəvi məğlubiyyətə uğradığını, müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğunu, təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilməyərək məğlub olduğunu bildirmişdir.
           “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
     Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

 

Keçidlər