Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr - ölkəmizdə Konstitusiya günüdür.

12 noyabr 2025 | 16:43

Hər il 12 noyabr tarixində ölkəmizdə ilk milli  Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün, müstəqil Azərbaycanın hüquqi və siyasi tarixində mühüm dönüş nöqtəsi olan 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya gününə həsr olunub. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.                                                                    

           Müstəqillik əldə edildikdən sonra, hüquqi dövlət quruculuğunun əsasını qoymaq məqsədilə yeni Konstitusiyanın hazırlanması zəruri oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan konstitusiya  layihəsi  1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi və həmin ilin noyabrın 27-də qüvvəyə  mindi. 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiya    olmmaqla bu tarixi sənəd Azərbaycan xalqının dövlətçilik iradəsini, hüquqi prinsiplərə sadiqliyini və demokratik dəyərlərə olan bağlılığını əks etdirir. Hər il Konstitusiya Günü ilə bağlı  ölkəmizin hər yerində olduğu kimi Laçın rayonunda da  hüquqi maarifləndirmə tədbirləri, konfranslar, seminarlar və məktəblərdə xüsusi dərslərlə qeyd olunur. Bu gün həm də gənc nəslin hüquqi biliklərinin artırılması və dövlətçilik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.
            Ölkə Prezidenti cənab  İlham Əliyev Konstitusiyanı Azərbaycanın dövlətçiliyinin təməl sütunu kimi qiymətləndirir və onun müddəalarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Heç təsadüfi deyil ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu yanaşmanın bariz nümunəsidir. Dövlət başçısı bu qərarı ilə həm Konstitusiyanın qəbulunun 30-cu ildönümünü, həm də Vətən müharibəsində əldə olunan tarixi qələbənin 5-ci ildönümünü qeyd etməklə, milli suverenliyin və hüquqi dövlət quruculuğunun əhəmiyyətini bir daha vurğulamışdır
             Dövlət başçısının  müvafiq  Sərəncamında qeyd olunur ki, “Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla addımlayır”. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Keçidlər