Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.

03 dekabr 2020 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli müdrik siyasəti və Şanlı Ordumuzun qüdrəti sayəsində Laçın rayonunun işğaldan azad olunması tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytarması tarixi hadisə oldu. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinihərbi-siyasi yolla 44 günə bitirdi.
   Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr-9 noyabr) ərzində  4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. 
Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir. Dövlət başçısı cənab İlham Əliyev öz çıxışında  bildirdi ki, “Artıq  Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir”.
   44 günlük müharibədə düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikası: 53 tank əleyhinə vasitə, 4 “Smerç”, 97 “Qrad”, 2 “Uraqan” , 1 “YARS”, 1 TOS odsaçan , “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası, 1“Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi , 14 zastava, 2 “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatları,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi,  1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radio-texniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank , 69piyadaların döyüş maşını , 5 “Su-25” təyyarəsi,252  yük avtomobili məhv edilib. 5“Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 37 müxtəlif çaplı top, 62 minaatan, 93xüsusi avtomobil, 178 qumbaraatan , 10 traktor, 5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah, 79 tank, 47 piyadaların döyüş maşını, 270 yük avtomobili hərbi qənimət kimi götürülüb. Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir.Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıq idi.
Ölkə Prezidenti cənab İlham Əliyev öz tarixi çıxışında bildirmişdir: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı.  Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.Azərbaycan  bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı.İşğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi”.
Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində-822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının  adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.  
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlnda çox düzgün vurğuladı ki, “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, bir çox  başqaları üçün də,  kağız parçası idi”.
Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib.
Laçın rayonu 1924-cü ildə təsis edilib. Ərazisi 1.84 min km²-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər olmuşdur. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi,142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi,1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi.
İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında vurğulamışdır ki, Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsa vəzifələrindən biri olacaqdır. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaqdır.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir.  Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən  orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir.
Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar,  at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr),  XVIII əsrə aid 2 məscid, Məlik-Əjdər türbəsi (XII əsr),  Uşaq  qalası (XV əsr), Kar kümbəz (XVII əsr), Sarı Aşıq abidəsi, habelə  X-XIX  əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr  öz memarlıq üslubu ilə  qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur.
Rayonun səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Çayları Həkəri və onun əsas qolları olan Minkəndçay, Hoçazsu və Şəlvəçaydır. Dəniz səviyyəsindən 2658 metr yükəskildə yerləşən, uzunluğu 1950 metr, maksimal eni 1250 metr, maksimal dərinliyi 7- 8 metr, suyunun həcmi isə 10 milyon kub metr, sahəsi 240 hektar  olan Qaragöl gölünün şəffaflığı 4,6 metrdir.
Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 33 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir.
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılar, eləcədə palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları olan meşə örtüyünə malikdir. Həmçinin, rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, tülkü, dələ, dovşan, porsuq və s. heyvanlar, habelə qırqovul, kəklik, qartal, bülbül, turac, şanapipik, alabaxta, göyərçin, bildirçin və s. kimi quşlar yaşayır. Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Laçın Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var.
Laçının tanınmış şəxsləri: XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov; Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və b. olmuşlar.
Ölkə başçısı cənab İlham Əliyev öz tarixi çıxışında bildirmişdir ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir. İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır.Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaqdır. Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.
Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında çox mühüm rol oynayacaq, regionun ən gözəl,  ən müasir və hərtərəfli inkişafa malik bölgələrindən biri olacaqdır.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər