Şriftin ölçüsü :

Saytın rəngi :

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb

01 dekabr 2020 | 16:00

   2020-ci il 01 dekabr tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin yüksək əhval-ruhiyyəsi şəraitində keçən tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin büstünün, eyni zamanda rayon şəhidlərinin xatirəsinə qəsəbə ərazisində ucaldılmış Xatirə Kompleksinin ziyarət olunması ilə başladı.
   Tədbir iştirakçıları bir-birlərini təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın 44 gün müddətində düşmən tapdağından azad olunmasını Azərbaycan tarixinin ən nəaliyyətli hadisəsi hesab edərək, bu münasibətlə Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər. Yüksək əhval-ruhiyyə şəraitində keçən tədbir dövlət bayraqları ilə bəzədilmiş atlıların və faytonun, eyni zamanda avtomobil karvanının qara zurnanın sədaları altında yaxın ərazidə yerləşən hərbi hissəyə yürüşü ilə başa çatdırılmışdır. 

     Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir.  Ərazisi 1835 kv.km-dir, 1 şəhər, 1  qəsəbə və 125 kənd vardır. Əhalisi 78 565 nəfərdir. Rayonun  78 565 nəfər əhalisindən 38,8 %-i Bakı şəhərində, 8,7 %-i Sumqayıt şəhərində, 11,2 %-i Abşeron rayonunda və 41,3 %-i respublikanın digər 42 şəhər və rayonunun ərazisində məskunlaşmışdır.
       Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Ağdam dəmir yolu stansiyasından isə 88 km məsafədə yerləşir.
        Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 33 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
         Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən  orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir.
         Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar,  at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr),  XVIII əsrə aid 2 məscid, Məlik-Əjdər türbəsi (XII əsr),  Uşaq  qalası (XV əsr), Kar kümbəz (XVII əsr), Sarı Aşıq abidəsi, habelə  X-XIX  əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr  öz memarlıq üslubu ilə  qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur.
           Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 9 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min  başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.
           Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 333 nəfəri şəhid olmuş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.
         Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. 1992–ci ilə qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 40211 baş iri və 244000 baş xırda buynuzlu heyvanlar, 44235 arı ailəsi, 1470 hektar meyvə ağacları vardır. Rayonda 3438 hektar sahədə taxıl, 245 hektar sahədə çoxillik otlar, 31 hektar sahədə isə kartof əkilib becərilirdi. Ümumiyyətlə, həmin dövrdə rayon üzrə 36.1 min nəfər əmək qabiliyyətli əhalidən 29.5 min nəfəri kənd təsərrüfatında çalışırdı. Hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı. Bununla yanaşı rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər idarə müəssisələr fəaliyyət göstərirdi.
           Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılar, eləcədə palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları olan meşə örtüyünə malikdir. Həmçinin rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, tülkü, dələ, dovşan, porsuq və s. heyvanlar, habelə qırqovul, kəklik, qartal, bülbül, turac, şanapipik, alabaxta, göyərçin, bildirçin və s. kimi quşlar yaşayır.Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Laçın Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.

Keçidlər