Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, səfərləri
Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
Qalib Prezidentə xalqın ehtiramı əbədi və tükənməzdir. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.
Hər bir azərbaycanlıya qürur və qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafat kimi dəyərləndirilir.
Hər zaman xalqının yanında olması ilə seçilən ölkə Prezidenti cənab İlham Əliyev ümumxalq sevgisi və ehtiramı ilə əhatə olunub. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Fərəhli haldır ki, bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Ölkə Prezidenti cənab İlham Əliyevin“Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır
Azərbaycan tarixinə qızıl hərflərlə yazıla ikinci Qarabağ- Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bu müharibənin fərqli nəticələrini ortaya qoyur. Belə ki, Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı cənab İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib.
Artıq “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.
Bu tarixi səfərlə ölkə Prezidenti cənab İlham Əliyev tarix yazan ordunun daim yanında olduğunu bir daha göstərdi. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Ölkə başçısının bölgəyə tarixi səfəri zamanı Qələbənin rəmzi olan Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşımaqla, dövlət başçısının bu körpünü qonşu dövlətlər və xalqlar arasında dostluq və mehribanlıq körpüsü kimi dəyərləndirməsi xüsusi əhəmiyyət kəsb etmişdir.
Xalq-iqtidar birliyi
Bölgələrdə ölkə Prezidenti cənab İlham Əliyevin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.
Müharibənin ilk günlərindən ölkədə siyasi həmrəyliyə nail olunmaqla, 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin əyani təcəssümü oldu. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Qələbəni şübhə altına salmaq istəyənlərə mesaj
Ermənistan dövləti üzərində möhtəşəm qələbə bütün mülahizələrə nöqtə qoymuş oldu. Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.
Müharibənin gedişində ölkə Prezidentin məsuliyyətli davranışını və mülki əhaliyə qarşı müharibənin aparılmadığını zəiflik kimi qiymətləndirənlərə cavab olaraq qeyd olunmalıdır ki, mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Bununla yanaşı hazırda bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır.
Artıq tamamilə məğlubiyyətə uğrayan, ordusunu itirmiş erməni siyasəti. İflasa düçar olub. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır.
Bundan fərqli olaraq daim sevimli Prezidentləri cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı qəti əmindir ki, dövlət başçısının rəhbərliyi altında işğaldaan azad edilmiş bütün ərazilərdə quruculuq və abadlıq işləri aparılaraq tezliklə qaçqın və köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.