DÖYÜŞÇÜLƏR, VETERANLAR VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
Son vaxtlar Laçın rayonundan olan Qarabağ müharibəsi döyüşçüləri, veteranları və şəhid ailələrinə rayon rəhbərliyi səviyyəsində göstərilən yüksək diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və təqdir edilir.
Dövlət siyasətinin yerlərdə təzahürü kimi qiymətləndirilən bu qayğı vətəndaşlarda ölkənin sabahına və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə olan inamı daha da artırır, onları daha həvəslə yaşamağa, qurub-yaratmağa sövq edir. Bu qayğının davamı olaraq növbəti dəfə iyul ayının 23-də Bakı şəhərində Laçın rayonunda olan Qarabağ müharibəsi döyüşçüləri, veteranları və şəhid ailələri ilə Laçın Rayon İcra Hakimiyyəti rəhbərliyinin keçirdiyi görüş də əlamətdar bir hadisə kimi yaddaşlarda qaldı. Belə ki, görüş iştirakçılarının bütövlükdə döyüşçülərdən və şəhid döyüşçülərin ailə üzvlərindən ibarət olması tədbirin yüksək vətənpərvərlik ruhunda keçməsini üçün böyük bir stimul rolunu oynadı.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən və vətən uğrunda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirildi ki, bugünkü görüş bizim üçün əlamətdar və yadda qalan bir görüşdür. Çünki, bu görüşün bütün iştirakçıları ya səngərdə bizimlə çiyin-çiyinə döyüşmüş insanlar, ya da həmin döyüşlərdə qəhramanlıqla vuruşaraq şəhid olmuş və döyüşçü qardaşlarımızın ailə üzvləridir. Burada iştirak edən döyüşçülərdən hər birimiz şəhid ola bilərdik. Qismət belə imiş ki, biz sağ qalmışıq və bu gün məqbul hesab edilən formada dövlətimizin yeritdiyi siyasətə uyğun olaraq öz mübarizəmizi davam etdiririk. Bu mübarizənin istiqamətini xalqımızın ümummilli lideri Heydər Əliyev müəyyənləşdirilib və Prezident İlham Əliyev cənabları da uğurla davam etdirir. Hədəf isə torpaqlarımızın işğaldan azad edilməsi, sayı bir milyondan çox olan qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi və doğma ata-baba yurduna qayıtmasıdır. Bildiyiniz kimi, bu məsələ ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizin bir nömrəli problemi elan edilib və bu gün də elədir. Siz görürsünüz hər il yüzlərlə Qarabağ müharibəsi əlilinə, şəhid ailələrinə dövlətimiz tərəfindən mənzillər tikilir, avtomobillər verilir, ehtiyacı olanların müalicəsi həyata keçirilir və digər problemləri həll edilir. Dövlətimiz hər il bu məqsədlər üçün milyon manatlarla vəsait xərcləyir. Bütün bunlar isə o deməkdir ki, biz Azərbaycan dövləti və xalqı olaraq torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq, onu azad edənə qədər mübarizəmizi davam etdirəcəyik. Bu günkü Azərbaycan ordusu torpaqlarımızı qısa müddətdə işğaldan azad etməyə qadirdir. İyun ayının 26-da keçirilən möhtəşəm hərbi parada ordumuzun hansı gücə malik olduğu aydın şəkildə nümayiş etdirildi. Bugünkü Azərbaycan ordusu hərbin müasir standartlarına cavab verən bir ordudur. O ən müasir texnologiyalarla idarə olunur. Buna görə də biz istəyirik ki, bir laçınlı olaraq bizim gənclər daha çox hərbi akademiyalarda təhsil alsınlar və sabah müharibənin ikinci mərhələsi başlayanda onlar bir laçınlı olaraq torpaqlarımızın işğaldan azad olunmasında iştirak edə bilsinlər. Bir daha bəyan etmək istəyirəm ki, bizim qaldırdığımız təşəbbüsü iş adamı olan xeyli sayda laçınlı dəstəkləyir. Hərbi Akademiyaya daxil olan hər bir laçınlı gənc ali təhsilini başa vurana qədər onun ailəsinə hər ay 300 manat məbləğində köməkdarlıq ediləcək. Biz bütün stimulverici vasitələrdən istifadə edərək çalışacağıq ki, bu gün burada iştirak edən siz döyüşçülərin davamçıları yetişsin. Sabah Laçının azadlığı uğrunda gedən döyüşlərdə Laçınlı zabitlər öndə getməlidir. Biz bu mənada döyüşə hazır olmalıyıq, bütövlükdə hərbiçi xalq olmalıyıq.
Bu gün dövlət bizə hər cür qayğı göstərir. Bizim bu gün mənəvi birliyə daha çox ehtiyacımız var. Təəssüf ki, Laçından uzaq düşdüyümüz 21 il ərzində biz laçınlılar bir yerə cəmlənib öz qayğılarımızı, problemlərimizi biri-birimizlə bölüşməmişik. Belə olsaydı bu günkü qayğılarımız yarıba-yarı azalmış olardı. Biz bundan sonrakı fəaliyyətimiz dövründə bu boşluqları doldurmağa çalışacağıq. Bunu bizdən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət tələb edir. Biz bir olduqca Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə xidmət etmiş olarıq. Bu gün bütövlükdə Azərbaycan xalqı, o cümlədən də laçınlılar ağı qaradan seçməyi yaxşı bacarır, kimin, kim olduğunu bilirlər. Biz bundan sonra da ölkəmizin inkişafını suverenliyimizin möhkəmlənməsini, xalqımızın firavan yaşayışını və ən nəhayət torpaqlarımızı işğaldan azad edə biləcək siyasətə hə deməli, onu müdafiə etməliyik.
Tədbirdə keçmiş döyüşçülərdən Umud Mehdiyev, Qarabağ Müharibəsi Əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsinin sədri Babək Aslanov, Əli Hümbətov, Babək məmmədov, İman Həsənov, Vüqar Salahov, şəhid övladı İdris Quliyev çıxış edərək Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının döyüşçülərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar, lazım olan anda torpaqlarımızın azadlığı uğrunda yenidən döyüşməyə hazır olduqlarını bildirdilər.
Şəhid övladı Hikmət Salmanovun çıxışı isə hər kəsdə bir daha əminlik yaratdı ki, belə gəncliyi yetişən bir xalqın torpağı əbədi olaraq işğal altında qala bilməz. O, bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhid övladları ilə keçirdiyi görüşdə mən də iştirak etmişəm. Hələ o zaman orta məktəb şagirdi idim. Həmin görüşdə Heydər Əliyev belə bir ifadə işlətdi ki, şəhid ailəsinə toxunan elə hesab etsin ki, mənə toxunur. Mən uşaq olsam da şəhid sözünün ağırlığını və müqəddəsliyini o gün bir daha dərindən hiss etdim.
Mən əminəm ki, bu zalda olan, qocasından, cavanından asılı olmayaraq hər kəs bu gün əlinə silah alıb döyüşməyə hazırdır. Çünki, anamız Laçın işğal altındadır. Mənim anam da bu zaldadır. Üzümü ona tutub deyirəm ki, sabah lazım gələndə evin ikinci kişisi olan məni də Laçın uğrunda qurban verməyə hazır olmalıdır. Çünki əsirlikdə qalan Laçın onun da anasıdır. Ana isə müqəddəsdir, onun əsirlikdə qalmasına heç kim razı olmamılıdır.
Yüksək vətənpərvərlik və döyüş ruhunda keçən tədbir ən yaxın zamanda Laçında görüşüb qələbə bayramını birlikdə qeyd etmək inamı ilə yekunlaşdı.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına Laçınlı Qarabağ müharibəsi döyüşçüləri, veteranları və şəhid ailələri adından müraciət qəbul olundu.