Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti

05 oktyabr 2020 | 16:00

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı yağı düşməndən təmizləyərərk ard-arda çaldığı zəfərlər hər bir azərbaycanlıda böyük qürur hissi və ruh yüksəkliyi yaratmışdır. Şanlı ordumuzdan hər gün gələn qələbə xəbərini isə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyev xalqa çatdırır. Ölkə başçısı növbəti dəfə xalqa müraciətində yenə hər zamankı kimi məğrur, qürurlu və əlbətdə ki,qəhrəman ordunun Ali Baş Komandanı olaraq qələbə ruhu ilə öz xalqına zəfər müjdəsini verdi.Təcavüzkar Ermənistan ordusunun hərbi təxribatından bəhs edən cənab Prezident bir daha vurğuladı ki,  Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Azərbaycanın mənasız və boş danışıqlarda iştirak etməyəcəyini qeyd edən ölkə başçısı aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət etdiyini bildirdi və əlavə etdi ki, Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir.
İşğal altında olan Cəbrayıl rayonunun və onun bir neçə kəndinin azad edilməsi xəbərini xalqa çadıran  cənab Ali Baş Komandan bunu Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindən olduğunu bildirdi. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır.
Torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətən övladında fərəh və sevinc hissi yaratdığını və İşğaldan azad olunan torpaqların Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbi olduğunu bildirən cənab Prezident qeyd etdi ki, güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir və Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir.  Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilatın təsir etmədiyini bildirən ölkə başçısı bunu beynəlxalq riyakarlığın və ikili standartların təzahürü adlandırdı və əlavə etdi ki, münaqişənin sülh yolu ilə həlli istiqəmətində Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi. Lakin, Ermənistan siyasi rəhbərliyinin işğalçılıq planları danışıqlar üçün heç bir qoymadı və bu nəticəyə gəldik ki, Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Hələ üstəlik, qondarma rejimin başçısı qaçıb siçan kimi gizləndi. Eyni zamanda, qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. Ərazilərimizin hər qarışı işğaldan azad olunur və İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
Səriştəsiz və cinayətkar Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qaldığını qeyd edən ölkə başçısı bildirdi ki,. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Ordumuzun hərbi əməliyyyatlarda göstərdiyi rəşadət və torpaqlarımızın O cümlədən, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
Xalqa müraciəti zamanı böyük sevinc və qürür hissi yaşadığı hər kəliməsindən hiss olunan Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər