Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində törətdikləri növbəti hərbi təxribat nəticəsində davam edən hərbi əməliyyatlar zamanı yaralanan hərbçilərimizin müalicəsi davam etdirilir. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan igidlərimizlə görüşüb.Görüş zamanı hər bir hərbçiylə ayrı-ayrılıqda maraqlanan cənab Prezident və birinci xanım Mehriban Əliyeva torpaqlarəməzən müdafiəsi və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla vuruşan Vətən oğullarının döyüşlərdə göstərdiyi şücaətdən bəhs edərək bildirdi ki, Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır.
Ordumuzun hər bir hərbçisində yüksək döyüş ruhu və əzmkarlıq olduğunu vurğulayan Ali Baş Komandan qeyd etdi ki, bütünyaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər və əlavə etdi ki, torpaqalarımızın müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin hər biri xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Eyni zamanda döyüşlərdə xüsusi mərdlik göstərmiş Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır.
Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığından və peşəkarlığından söhbət açan ölkə başçısı bildirdi ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqı öz dövlətin ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var.
Dövlət başçısı Dağlıq Qarabağ probleminin həlli istiqamətində səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatların heç bir müsbət tərəfinin olmadığını vurğulayaraq mövcud danışıqlar formatının heç bir nəticə hasil etmədiyini qeyd etdi.. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Biz öz dostlarımzı tanıyır və edilən yaxşılığı unutmur. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.
Hər zaman öz təcavüzkar və işğalçı siyasəti ilə tanınan Ermənistan hər dəfə ordumuza və uğurlu diplomatiyamıza məğlub olsa da çirkin təxribatlarından əl çəkmir. Faşist Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur.
Bu çətin və ağır günlərdə xalqımızın ordumuza və dövlətimizə olan inam və etibarı bizi daha böyük qələbələrə aparacaq. Ölkı başçısı bu vacib amili vurğuladı ki, cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Bu güvən və etibar ordumuzda böyük ruh yüksəkliyi yaradır və Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərərək, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırırlar.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.