Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatı

30 sentyabr 2020 | 16:00

    27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş  genişmiqyaslı təxribatla əlaqədar  ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan  50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin, siyasi həmrəyliyin nümunəsi kimi təcəssüm olunur.
   Dövlətimizə qarşı törədilmiş Ermənistanın işğalçı siyasətinə qarşı etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Bunun nəticəsi kimi siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı isə insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilərək  pislənməsini bu təşkilatlardan tələb edirlər.
    Birgə bəyanatda ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb etməklə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını  bir daha yada salaraq  Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını qətiyyətlə tələb edirlər.
       Ölkənin  siyasi partiya rəhbərlərinin  bəyanatında haqlı olaraq qeyd olunur ki,  rəsmi Yerevanın bəyanatları, eləcədə yürüdülən təxribat siyasəti Ermənistandakı daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalamaqla  ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Bəyanatda erməni hökuməti tərəfindən daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejimini  pozmaqla təxribatlar törətdiyi bildirilir.
Bəyanatda, həmçinin uzun illərdən bəri  rəsmi Yerevanın militarist siyasəti yürüdərək, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini artıq  mümkünsüz etdiyi ətraflı şərh edilmişdir
Həmçinin danışıqlar prosessində mövcud  status-kvonun mümkünsüzlüyü bir daha vurğulanaraq,  ölkənin siyasi partiyalarının  rəhbərləri bu barədə dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
     Bəyanatda bir daha göstərilir ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirərək  bunun  Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verdiyini bildirirlər.
Beynəlxalq aləmdə  sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan tərəfindən  atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olmuşdur.
     Hazırda Ermənistanın təxribatlarına susmağın və onları qınaq predmetinə çevirməməyin beynəlxalq riyakarlığın təzahürü olduğunu bildirən siyasi partiya rəhbərləri birgə bəyanatlarında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.

    Bu gün Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Hazırda  Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
     Təəssüflə qeyd etməliyik ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Əfsuslar olsun ki, Vətən müharibəsinə etinasız qalan,  xalqımızın  son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk  günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.  
Bundan əvvəl dəfələrlə   siyasi dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar sözsüz ki, beşinci kolonu təmsil edirlər. Ölkə  Prezidenti cənab  İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları isə böyük bir təəssüf doğurur.

Keçidlər