Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamışdır

30 sentyabr 2020 | 16:00

    Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində növbəti dəfə öz işğalçı əməllərinə sadiq qalaraq cəbhəboyu rayonlarımıza təşkil etdiyi hücum nəticəsində hazırda təmas xəttində hərbi əməliyyatlar davam etdirilir. Düşmən hücumunun qarşısını almaq və ərazi bütövlüyümüzü qorumaq məqsədilə cavab tədbirləri həyata keçirən ordumuza dəstək məqsədilə xalqımız dövlətimiz və ordumuz ətrafında sıx birləşmişdir. Müharibə şəraitində olan ölkəmizdə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı-cənab İlham Əliyevin imzaladığı Fərmanla ölkədə Hərbi vəziyyətin elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Çünki, düşmən ordusu aldığı zərbədən böyük məğlubiyyət yaşamış və qazanılmış zəfərlər xalqımızın böyük inam və qələbə əzmini daha da artırmışdır.
    Qeyd etmək lazımdır ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bu həssas və məsuliyyətli zamanlarda hər kəs bacardığı qədər diqqətli addım atmalıdır.
Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Artıq haqq səsimizin bütün dünyada eşidilməsi üçün atılan növbəti addımdır və xalqımız bu mübarizə yolundan əsla dönməyəcəkdir.
Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Bizim əsas məqsədimiz xaqlımızın müdafiəsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Hər zaman regionda sülh və əmin amanlığın bərqərar olması naminə çalışan Azərbaycan üçün dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması məqsədilə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
    Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bütün bunlar kimliyindən və siyasi statusundan asılı olmayaraq xalq, dövlət və ordu birliyinin təcəssümüdür.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Xalqımız və ordumuz dövlətimizin dəstəyi ilə bu ədalət savaşında var gücü ilə mübarizə aparır və qəhrəmanlıq tariximizin növbəti şanlı səhifəsini birlikdə yazmağa davam edir.

Keçidlər