Laçınlı gənclərlə növbəti görüş Bakıda keçirilmişdir
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 iyun 2013- cü il tarixdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində yaşayan laçınlı gənclərlə görüş keçirilmişdir.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra giriş sözü ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirdi ki, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra, ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən və 2003-cü ildən ölkə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət gənclər siyasətinin nəticəsi olaraq, bu günkü Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini qeyd etmişdir. Sonra rayon rəhbəri təəssüflə qeyd etmişdir ki, bu gün bu tədbirdə iştirak edən gənclərin böyük əksəriyyəti Laçını görməyib, Laçın haqqında təəssüratları çox azdır. Ona görə bəzi məlum həqiqətləri bu gün bir daha söyləməyə məcburuq. İstəyirəm siz də biləsiniz ki, bəzi məsuliyyətsiz insanların müəyyən hallarda səsləndirdiyi kimi, heç də Laçın döyüşsüz düşmənə təslim edilməmişdir. Laçınlılar çox böyük cəsarətlə və igidliklə Laçını müdafiə edir, qoruyurdular. Qarabağ müharibəsində əvvəldən- axıra qədər iştrak etmiş bir insan kimi, tam məsuliyyətlə deyirəm ki, Laçın respublikada hansı yolla olursa-olsun hakimiyyətə gəlmək istəyən qüvvələrin təxribatı nəticəsində düşmənə verildi. Fikirlərimin təsdiqi kimi, Laçının süqutuna gətirib çıxaran təxribatların bəzi detallarını sizlərin diqqətinə çatdırmaq istəyirəm. Özlərini millətçi adlandıran qüvvələrin beş nəfər nümayəndəsi 1992-ci ilin aprelində Dağıstanda, Rusiyanın o zamankı prezidenti Yeltsinin yaxın köməkçisi Burbulislə görüşərək belə razılığa gəlirlər ki, Şuşa ermənilərə qaytarılsın, Şuşa-Gorus yolu açılsın və Ermənistanla Dağlıq Qarabağ arasında yerüstü əlaqə yaradılsın. Halbuki, həmin vaxt Laçın özünümüdafiə batalyonu və Laçın polisi həmin yolu bağlamışdı və Dağlıq Qarabağdakı erməni separatçıları ilə Ermənistanın əlaqələrini tamamilə kəsmişdi.
Bu azmış kimi, həmin ərəfədə respublikanın Nazirlər Kabineti Laçının köçürülməsi haqqında məxvi qərar qəbul edir. Bu qərardan o zaman Laçına rəhbərlik edən şəxslərdən heç birinin xəbəri olmur. Bilirsiniz ki, may ayının 8-də Şuşa yenə də xəyanət nəticəsində ermənilərə təslim edildi. Bundan sonra Laçının və laçınlıların vəziyyəti daha da ağırlaşdı. Belə bir şəraitdə Laçını mərdliklə müdafiə edən Laçın polisi ( o zaman polis də Müdafiə nazirliyinə tabe etdirilmişdi) Müdafiə Naziri Rəhim Qazıyevin əmrinə əsasən Laçından 53 km uzaqlıqda yerləşən Su arası, Fərəcan istiqamətinə göndərildi və demək olar ki, Laçın tamamilə müdafiəsiz qaldı. Bu zaman Nazirlər Kabinetinin həmin qərarına uyğun olaraq 500- dən çox yük avtomobili Laçına gətirilir və əhali arasında xof yaradaraq, tezliklə Laçından çıxmasalar, onları da Xocalının aqibəti gözlədiyini bildirirlər. Müdafiəsiz qalan dinc əhali isə, öz ev-eşiyini tərk etmək məcburiyyətində qalır. Bax belə bir şəraitdə laçınlılar öz yurd- yuvasından didərgin salındı. Bu təxribatlardan və agılasığmaz xəyanətkarlıqlardan bixəbər olan digər Azərbaycan vətəndaşları isə, laçınlıları qınamağa, öz torpaqlarını qoyub gəldikləri üçün suçlamağa başladılar. Laçınlılara qarşı olan bu ədalətsiz yanaşma və yersiz qınaqlar, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələnə qədər davam etdi. Xalqımızın ümummilli liderinin komandanlığı altında Fizuli-Cəbrayıl torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında laçınlıların göstərdiyi qəhramanlıqlardan və ulu öndərin Prezident kimi Laçın ictimaiyyətinin nümayəndələri ilə görüşündən sonra ölkə əhalisi həqiqətləri tam aydınlığı ilə anladı və biz laçınlılara olan aqressiv münasibət dəyişməyə başladı. Illər keçdikcə isə, həqiqətlər daha dəqiqliklə üzə çıxmağa başladı. Bu gün sizlər bir laçınlı gənc olaraq, öz laçınlılığınızla öyünə, qürur duya bilərsiniz. Çünki, sizin ata- babalarınız Laçını mərdliklə müdafiə edib, öz canlarını bu yolda çəkinmədən qurban veriblər. Qeyd edildiyi kimi, Laçın o dövrdə hakimiyyətdə olanların xəyanəti nəticəsində düşmənə təslim edilib. Ancaq, əmin ola bilərsiz ki, Laçının və digər ərazilərimizin işğaldan azad olunmasına az bir vaxt qalıb. Günü-gündən güclənən və regionun ən güclü ordusuna malik olan Azərbaycan, hansı yolla olursa-olsun öz ərazilərini işğaldan azad etməyə qadirdir və inşallah yaxın zamanlarda hamımız bunun şahidi olacağıq.
Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev bu gün müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətindən və onun uğurlu nəticələrindən söz açdı.
Sonra tədbirdə çıxış edən gənclər onlara yaradılan şəraitdən razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu siyasət nəticəsində tezliklə Laçına qovuşacaqlarına inamlarını ifadə etmişlər. Çıxışlarında qarşıdan gələn prezident seçkilərinə də toxunan gənclər, bütün ölkə gəncləri kimi, laçınlı gənclərin də seçkilərdə bir namizədi olduğunu bildirmişlər. Bunun da öz siyasəti ilə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmış İlham Əliyev olduğu xüsusilə vurğulanmışdır.
Tədbir laçınlı gənclərdə yüksək əhval-ruhiyyə yaratmışdır.