Şriftin ölçüsü :

Saytın rəngi :

“Abşeron” yatağı Azərbaycan neft-qaz sənayesində tarixi əhəmiyyətli hadisədir

21 sentyabr 2020 | 16:00

    Dünyanın mühüm neft-qaz əhəmiyyətli ölkələrindən sayılan müstəqil Azərbaycan bu gün iqtisadi inkişaf tempinə görə bir çox nəhəng dövlətləri geridə qoyur. Əlbəttə, bu inkişaf uğurlu dövlət siyasəti və zəngin təbii sərvətlərin birləşməsi nəticəsində əldə olunan nəaliyyətdir. Neft-qaz strategiyası ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman Azərbaycanın inkişafı və çiçəklənməsi naminə yürütdüyü uğurlu siyasətin ən mühüm hissəsini təşkil etmişdir. Bu sahədə atılan addımlar və görülmüş işlər ölkəmizi dünyanın ən önəmli neft-qaz ölkələrindən birinə çevirmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu tarixi əhəmiyyətli işlər bu gün Prezident İlham Əliyevin sayəsində günü-gündən daha da uğurlu nəaliyyətlərə və inkişafa vəsilə olmaqdadır. Belə vacib əhəmiyyətli hadisələrdən biri də “Abşeron” qaz-kondensat yatağının istismarıdır. “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə  imza atmışdır.
    Müstəqil Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş   və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır
   Bu əhəmiyyətli hadisə haqqında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və o illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir.
  İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində   böyük qaz-kondensat yatağı aşkarlanmışdır.
“Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur.
Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  Artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək.  Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
   Ölkə başçısı qeyd etdi ki, TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.   “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.
   “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular  Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Heç şübhəsiz, neft-qaz yataqlarının kəşfi və istismarı sahəsində neftçilərimizin əməyi danılmazdır. Onların əməyi əsl qəhrəmanlıqdır. Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.
“Abşeron”, “Qarabağ” və  digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq.
   Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır.
   Zəhmətkeş neftçilərimizin əməyini yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev vurğuladı ki,  Neftçi Qurban dünyada bir nömrəli neftçi sayılmalıdır. Eyni zamanda, Xoşbəxt Yusifzadə  bizim əfsanəvi neftçi-geoloqdur.  “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var.
   Müstəqilliyimizi əldə etdiyimiz dövrə qədərki neft-qaz sahəsində baş verənlərdən söhbət açan  ölkə başçısı qeyd etdi ki, müstəqillik dövrünə qədər  çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.  Biz o vaxt müstəqil ölkə olsaydıq,  Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Çıxış və yazılarda Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalıdır. Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında rolu xüsusi olaraq vurğulanmalıdır. 
    Tağıyev görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir.
İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. Lakin  mənfur qonşumuz Ermənistan və erməni mediası bu faktı təhrif edərək hər zamankı kimi Azərbaycan və Dağıstan xalqları arasında süni gərginlik yaratmağa cəhd etmişlər.
İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Bunun müqabilində Sovet İttifaqı  Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub. Sovet vaxtında  Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın  bir çox rayonlarında qaz xətləri yox idi . Lakin bu gün ölkəmizin ən ucqar yaşayış məntəqələrinə təbii qaz xətti çəkilmiş, əhalinin məişət şəraiti yaxşılaşdırılmışdır.
   II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycanın rolu lazımı qədər qiymətləndirilməyib.
Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra xalqa məxsus təbii sərvətlər artıq xalqın öz maraqları naminə istifadə edilməyə başladı. Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və hal-hazırda Azərbaycan bütün infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. 
   Ölkəmizin neft-qaz sahəsində uğurlarından bəhs edən Prezident İlham Əliyev bildirdi  ki, Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib.  700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik.  Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik.  Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır. Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları  idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib. Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var.  Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir. Bütün bu faktlar ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricilərindəndir.
   Ölkə başçısı cənab İlham Əliyev həmçinin qeyd etdi ki, Bakının bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. İki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq.  “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.  Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar  xalqın, gələcək nəslin sağlamlığı üçündür. Bu cür ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir.   
    Qeyd etmək lazımdır ki, Çar Rusiyası və sovet dövründə bu addımlar atılmayıb, sərvətlərimiz yalnız istismar edilib, insan amili nəzərə alınmayıb.  Bugünkü müstəqil  Azərbaycanda isə cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir.
Məhz bu amilə toxunan cənab Prezident bir daha vurğuladı ki,  neft   məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin son günlər etdiyi əhəmiyyətli çıxışlar onun ölkənin və bölgənin geosiyasi mövqeyinə, sosial-iqtisadi vəziyyətinə, demoqrafik reallıqları, ekologiyası, sosial rifahı haqqında çağdaş və tarixi aspektdən olduqca geniş və əhatəli olmasının bariz nümunəsidir və bu fakt onu göstərir ki, rəhbər olaraq cənab Prezident hər zaman xalqının və dövlətinin gələcəyi naminə əzmlə və uğurla çalşmaqdadır.

Keçidlər