Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının təhsilə göstərdiyi davamlı diqqət və qayğı yerlərdə öz bəhrəsini verir.

10 sentyabr 2020 | 16:00

    Müasir və inkişaf etmiş dünyada hər bir ölkənin uğurlu gələcəyi məhz həmin ölkədə təhsilin necə və hansi səviyyədə olması ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda da təhsilə olan dövlət qayğısı son dövrlərdə özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və pilot layihələr deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
    Ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha onu göstərir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin ən prioritet istiqamətini təşkil edir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, eyni zamanda bölgələrimizi də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə - Azərbaycanda heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, eləcə də bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmiş və məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülmüşdür.
     Yeni dərs ili ərəfəsində laçınlı məcburi köçkün uşaqları üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində yeni və müasir tipli məktəb binasının istifadəyə verilməsi köçkünlərdə böyük sevinc hissi və ruh yüksəkliyi yaratmışdır. Belə ki, Sentyabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
     Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak edib.
    Açılışda qeyd olunub ki, sözügedən məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində 11 sinif və məktəbəhazırlıq otağı, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Məktəbdə 35 pedoqoji və 14 texniki işçi çalışır.
     Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.
   Bütün bu tədbirlər Dövlət başçımız cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. Biz laçınlı köçkünlər bu diqqət və qayğıya görə ölkə başçımıza dərin təşəkkür və ehtiramımızı bildiririk.

Keçidlər