Şriftin ölçüsü :

Saytın rəngi :

22 İyul –Milli Mətbuat günüdür

22 iyul 2020 | 16:00

    Bu gün ölkəmizdə və dünyada baş verən bütün prosesləri və hadisələri bizə xəbər verən, insanların məlumatlanmasında və maariflənməsində böyük rol oynayan milli mətbuatımızın yaranmasından 145-il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və ölkəmizin ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin nəşrə başladığı tarix 1991-ci ildən Azərbaycan Milli Mətbuat günü kimi qeyd olunur.
   Hələ zamanında ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən böyük mütəfəkkir Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmiş və xeyli zəhmətdən sonra Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur.1875-ci il 22 iyul tarixindən 1877-ci il sentyabradək fəaliyyət göstərən və cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzetin Azərbaycan mətbuatının təşəkkülündə böyük rolu olmuşdur. Bu illər ərzində qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərlərinin-Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundovun"Vəkili-naməlumi millət" imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunmaqla qəzet qısa müddət ərzində ətrafına geniş oxucu kütləsi toplamağa müvəffəq olmuşdur.
   Lakin belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilməzdi, çünki çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməklə sonda qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan "Əkinçi" sonrakı illərdə yerini "Kəşkül" (1883), "Ziya" (1884) qəzetlərinə verdi.
XX əsrin əvvəllərində nəşr olunan mətbu orqanlar isə Azərbaycanın milli-azadlıq, milli oyanış hərəkatının əsas istiqamətverici qüvvəsi kimi tarixə düşərək, ölkəmizdə milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə nəşr olunan qəzetlər isə cəmiyyətin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynadılar. Xüsusilə, Azərbaycanda milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan bu illərdə "Həyat", "Təzə həyat", "Füyuzat", "Şəlalə", "Açıq söz", "Şərqi-rus" və s. kimi qəzetlər, ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görmüş "Molla Nəsrəddin" jurnalı xalqın milli özünüdərk hissinin formalaşmasına öz tövhəlrini vrərək dövrün mütərəqqi ideyalarını əks etdirməklə, mövcud senzuranın ağır təlblərinə baxmayaraq xalqımızın maariflənməsində müstəsna xidmət göstərmişlər.
    Ölkə mətbuatının sərbəst inkişafı üçün ilk addım isə ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpasından sonra atıldı. Belə ki, əvvəlcə sistemli formada KİV-in hüquqi bazası yaradıldı. Demokratiyanın yüksək inkişaf etdiyi qabaqcıl ölkələrin təcrübəsini əsas tutaraq Azərbaycan Konstitusiyasında mətbuat dövlət tərəfindən öz hüquqlarının yüksək səviyyədə qorunmasının təminatını həyata keçirdi. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirildi.
   Xüsusilə ulu öndər Heydər Əliyevin 16 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi ki, bununlada Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi.
    2003-cü ildən ölkəmizdə mətbuata olan diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində daha da gücləndirildi. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun yaradılmasında məqsəd Azərbaycanda söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsidir.
   Bu gün ölkəmizin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyətdə inkişaf etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu isə özlüyndə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb etməklə müasir mediyamızın yeni keyfiyyət göstəricisinə çevrilir. Hazırkı şəraitdə Azərbaycan xalqının və dövlətinin mətbuatdan başlıca gözləntisi milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim müdafiə edərək uca tutmaqla, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.

   Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 22 iyul - Milli Mətbuat Günü münasibətilə işinə vicdanla yanaşan bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayır.

Keçidlər