12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən atəşkəs pozulmuşdur.
Azərbaycan Milli Ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab verərək düşməni geri otuzdurmuşdur. Baş vermiş hadisə zamanı rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir;
Bununla yanaşı Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edildiyi də görünür.
İşğalçı Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir ki, bununla da Paşinyan hökuməti müxalifləri susdurmağa çalışır.
Həmçinin Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozmaqla son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını və lobbisini həmrəyliyə dəvət etməyə səy göstərmişdir.
Təəssüf ki təxribatın törədildiyi vaxtdan bu günə kimi Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb, hətta ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də məsələyə münasibət bildirməmişdir.
Eyni zamanda Ermənistan tərəfi dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə centlemen sayağı razılığı kobudcasına pozmuşdur.
Hər zaman Milli Ordusu ilə qürur duyan xalqımız hadisə zamanı qəhrəmancasına şəhid olan azərbaycan övladlarının dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edərək, ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirmişlər.
Ölkə Prezidenti cənab İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycan tərəfi bir daha nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaqdır.
Bu günlər Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə də bildirmişdir ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçınılmazdır;
Yaranmış vəziyyətlə bağlı qardaş Türkiyə Cümhuriyyəti də Ermənistan atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
Həmçinin İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha bəyan etmişdir..