Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdinə tutarlı cavab verildi
Son 30 ilə yaxın bir müddət ərzində 20 faizdən çox Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan silahlı qüvvələri 12 iyul 2020-ci il tarixdə növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir.
Hərbiçilərimizin ayıq-sayıqlığı sayəsində Azərbaycan Milli Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulmuş, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilmişdir. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşımaqla Ermənistanın təxribatna qətiyyətli və tutarlı cavab olmuşdur.
Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi nəticədə düşmənin xeyli texnikası və canlı qüvvəsi məhv edilmişdir.
2003-cü ildən başlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat etmişdir.
Bununla yanaşı ölkə Prezidenti cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını və mahiyyətini kəskin şəkildə tutarlı tarixi faktlarla ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar ölkədə dərin böhran yaşanılır. Ölkəni bürüyən ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salmaqla vəziyyəti çıxılmaz edib.
Hazırda Azərbaycanla sərhəddə törədilən təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmaqla mövcud hakimiyyətin ömrünün uzadılması məqsədi daşıyır.
Bu kimi təxribatları törətməklə Ermənistanın baş naziri Paşinyan hesab edir ki, sanki xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah edərək hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaqdır.
Hazırda Ermənistanda daxili –ictimai-siyasi vəziyyət olduqca mürəkkəb olmaqla, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın isə belə təxribatlar törətməklə problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünməsi tamamilə əsassızdır.
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatların xalqdan gizlədilməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmuşdur. Vətəndaş müharibəsi astanasında olan Ermənistanda etiraz aksiyalarına başlanılmaqla sosial şəbəkələrdə fəallar trəfindən Ermənistan hakimiyyəti ciddi tənqid edilir.
Eyni zamanda Ermənistan hakimiyyətinin mövcud hərbi əməliyyatlarla bağlı guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə yaydığı iddialar yalan və dezinformasiyası bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri tərəfindən belə ironiya ilə qarşılanır.
Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində Ermənistan Silahlı qüvvələri tərəfindən 12iyuldatörədilmiş təxribat hadisəsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin hiddətlə qarşılanmışdır. Ölkə vətəndaşları sosial şəbəkələrdə Milli Ordumuzun qüvvələrinə həmrəyliklərini bildirərək hərbi əməliyyatlara başlamağın zəruriliyini bildirmklə, toplaşaraq cəbhə bölgəsinə getməyi, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirmişlər.
Xalq kütlələri arasından sadə vətəndaşlar tərəfindən bu kimi çağırışların səsləndirilməsi bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə digər tərəfdən isə 1990-cı illərin əvvəllərindən fərqli olaraq hazırda sərhədlərimizi qoruyacaq və işğal altındakı torpaqlarımızı azad etməyə qadir müasir güclü, nizami ordumuza olan inam və sevginin təzahürüdür.
Ölkə vətəndaşları kimi öz ordusuna arxalanan və etibar edən Laçın rayon ictimaiyyəti nüayəndələri qəti olaraq bildirirlər ki, bu istiqamətdə edilən hər hansı arzuolunmaz xaotik təşəbbüs isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında,onlara uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər;
Buna görə də Ermənistan ordusundan dəfələrlə üstün olan güclü və nizami orduya malik olduğumuz halda də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək kimi çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdlərinin yolverilməz və qəbulolunmaz olduğunu bildiririk.
Bu gün laçınlı köçkünlər birmənalı olaraq əmindirlər ki, cənubi Qafqazda ən güclü orduya malik olan Azərbaycan, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə hər an qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.