2 İyul - Polis işçilərinin peşə bayramı günüdür.
Bu gün Azərbaycan Polisinin yaranmasının 102-ci ildönümüdür. 1918-ci il mayın 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunmağa başladı.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi illər ərzində istər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət göstərmiş, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları da ərazilərimizin düşmən hücumundan müdafiəsi zamanı gedən döyüşlərdə fəal iştirak etmiş, torpaqlarımızın müdafiəsi zamanı onlarala polis əməkdaşı müxtəlif xəsarətlər almış, 43 nəfər şəhid olmuş, onlardan üç nəfəri Güləliyev Oqtay Güləli oğlu, Şahverdiyev İsrafil Şahverdi oğlu və Eyvazov Qorxmaz Abış oğlu ölümlərindən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, üç nəfəri “Azərbaycan Bayrağı “ ordeninə bir nəfəri isə “İgidliyə görə” medala layiq görülmüşlər. Bu gün də Laçın polisi öz xidmətini layiqincə yerinə yetirməklə, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın yağı düşməndən azad etməyə hər an hazırdır. Hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunması polis işçilərinə göstərilən qayğının təzahürü olmaqla onların Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyev ideyalarına və ölkə Prezidenti cənab İlham Əliyevə olan əbədi sadiqliklərinin göstəricisidir.
Polis işçilərinin peşə bayramı günü ərəfəsində respublikanın bir qrup polis işçisinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 iyul 2020-ci il tarixli Sərəncamı ilə təltif edilməsi ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, xüsusilə ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə verilən ən yüksık qiymət olmaqla onların işinə yeni stimul vermişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun bütün polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da xidməti vəzifələrinin yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirəcəklərinə əminliyini bildirir.
.