15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının xoşbəxt gələcəyinin təməlini qoydu
1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişini zəruri edən bir sıra səbəblər var idi. Belə ki, 1993-cü il 15 iyuna qədər ölkədəki kriminogen vəziyyətin son həddə çatması, qiyamçı Surət Hüseynovun hərbi dəstələrinin döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkəti, cənubda separatçı Əlikram Hümbətovun praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirərək AXC hakimiyyətinə tabe olmaması, şimalda Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında kənar qüvvələrin təsiri ilə mövcud hökumətə qarşı inamsızlıq və etimadsızlıq təbliğatının aparılması separatçılığa çevrilmə ehtimalını büruzə verməyə başlamışdı. Ümumiyyətlə, ölkədə kriminogen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində itaətsizlik səviyyəsində mövcud olan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Bugünkü gənc nəsil bütün bunları görməsə də, bilməsə də, o zamankı vəziyyət elə bir həddə çatmışdı ki, hər hansı adi vətəndaşın evindən çıxaraq sağ-salamat evinə qayıtmasına belə əminliyi yox idi.
Eyni zamanda Azərbaycanda sadəcə daxili və xarici siyasət deyil, ölkə ciddi təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini milli azlıqların müqəddaratını təyin etmə kimi əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etməklə, bu düzəlişdə məhz Azərbaycanı işğalçı tərəf kimi göstərirdi ki, bu da ölkəmizə qarşı haqsızlıq olmaqla yanaşı o zamankı diplomatların səriştəsiz fəaliyyətinin nəticəsi idi.
Bununla yanaşı o zaman Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin qarşısını almaqla, ölkənin milli sərvətindən səmərəli istifadəni məhdudlaşdırırdı.
Təəssüflə bildirməliyik ki, AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmiş, Gürcüstanda Zviad Qamsaxurdiya hakimiyyətinin faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətinə şərait yaradılmışdır. Beləliklə, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan da azərbaycanlıların ölkəmizə böyük axını başlamışdır.
Həmçinin, Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz və düşnülməmiş bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
İstər daxili, istərsədə xarici siyasətdə səriştəsiz olan AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi isə xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına, beynəlxalq aləmdə nüfuzuna xələl gətirmişdir.
Bütün bunlarla yanaşı beynəlxalq aləmdə erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycanın informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalması ölkəmizin vəziyyətini daha da çətinləşdirmişdir.
Azərbaycanın yenicə əldə olunmuş dövlət müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı təkidi qarşısında mövcud vəziyyətin sabitləşdirilmısi üçün yeganə çıxış yolunu xilaskar kimi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
Beləliklə, 1993-cü il.iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. O, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür .Ulu öndər Heydər Əliyevin uğurlu enerji siyasətinin nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar; Bu müqavilə imzalandıqdan sonra ulu öndər Heydər Əliyev qətiyyət və uzaqgörənliyi sayəsində İran və Rusiyanın ciddi etirazlarına baxmayaraq ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;
Həmçinin Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz və dönməz etdi.
Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı, məcburi köçkünlərə dövlət qayğısı yüksək səviyyədə təmin edildi.
Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
Ulu öndər Heydər Əliyevin mahir dilomatik bacarığı sayəsində dünyanın bir sıra iri dövlətləri ilə keçirtdiyi ikitərəfli və çoxtərəfli görüşləri, intensiv xarici səfərləri nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu; Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə isə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
2003-cü ildən Ulu öndər Heydər Əliyevin alternativ olmayan dövlət quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildi, ötən dövr ərzində möhtəşəm iqtisadi və siyasi uğurlara imza atıldı.
Bütün ölkə vətəndaşları kimi laçınlılar da həmişə 15 iyun - Milli Qurtuluş gününü ən əziz və unudulmaz bayram günü kimi qeyd etməklə, daim olduğu kimi bu gündə dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyimizin inkişafı və tərəqisi naminə atılan hər bir addımı alqışlayır, cənab Prezidentin çoxşaxəli fəaliyətindən qürur duyur, dərin iftixar hissi keçirirlər.
Son dövr bütün dünyanı bürüyən karonavirus (COVID-19) pandemiyası ilə mübarizədə ölkə başçısı cənab İlham Əliyevin xalqla həmrəy olması isə ölkə vətəndaşları kimi laçınlı məcburi köçkünlər tərəfindən də xüsusi rəğbətlə qarşılanır. Qayğıkeş ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də əhaliyə göstərilən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox dövlətlər üçün nümunə olmaqla, xalqımız tərəfindən razılıq və minnətdarlıqla qarşılanır.