17 iyun Səhiyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
Rayonun çoxsaylı tibb işçiləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın rayon İcra Hakimiyyətinin qarşısındakı büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş xalqımızın Ümummilli liderinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 17 iyun Səhiyyə işçilərinin peşə bayramı günü münasibəti ilə rayon tibb işçilərini təbrik etmiş, respublikada tibb sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin respublika səhiyyəsinə olan diqqət və qayğısının təzahürü kimi 17 iyun 2001-ci ildən ölkəmizdə Səhiyyə işçilərinin peşə bayramı Günü kimi hər il təntənəli surətdə qeyd olunur. Çıxışda həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi kimi hazırda, Azərbaycanda təkcə mərkəzi şəhərlərdə deyil respublikanın bütün regionlarında müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz edilmiş, onlarla diaqnostika mərkəzlərinin, xəstəxanaların ölkə vətəndaşlarına xidmət göstərdiyi xüsusilə vurğulanmışdır. Məmnunluqla qeyd olunmuşdur ki, 24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Ağcabədi rayonu Taxta körpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunmuş 552 ailəlik qəsəbənin açılışında şəxsən iştirak etməsi, qəsəbədə bütün tibbi avadanlıqlarla təchiz edilmiş poliklinikanın istifadəyə verilməsi qəsəbə sakinləri ilə yanaşı, rayon tibb işçilərinin də yaddaşına ən əziz və yadda qalan gün kimi əbədi həkk olunaraq onların da işinə yeni stimul vermişdir.
Eyni zamanda Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bildirmişdir ki, hazırda Rayon Mərkəzi Xəstəxanası, təcili tibbi yardım şöbəsi, poliklinika, yeddi kənd xəstəxanası, üç həkim ambulatoriyası, əlli doqquz tibb məntəqəsi və qırx doqquz feldşer-mama məntəqəsi rayon sakinlərinin xidmətindədir. Bununla yanaşı qeyd edilmişdir ki, rayon rəhbərliyi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə keçirilən çoxsaylı görüşlər zamanı, səhiyyəyə aid qaldırılan problemlər araşdırılaraq yerli səhiyyə orqanlarının köməyi ilə yerindəcə həllinə köməklik olunmuş, rayon üzrə imtiyazlı xəstələr hər ay pulsuz dərman preparatları ilə təmin edilmişlər.
Tədbirdə çıxış edən digər səhiyyə işçiləri də onlara yaradılan normal iş şəraitindən razılıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı müdrik və çevik siyasət sayəsində növbəti peşə bayramlarının ata-baba yurdları Laçında və işğaldan azad ediləcək digər ərazilərimizdə qeyd edəcəklərinə əminliklərini bildirmişlər.
Tədbirdə əhaliyə tibbi xidmətin göstərilməsində fərqlənən bir qrup səhiyyə işçisinə Rayon İcra Hakimiyyəti başçısı aparatının Fəxri fərmanları təqdim olunmuşdur.