Operativ Qərargahın pandemiya ilə bağlı tapşırıq və tövsiyələri vətəndaşların sağlamlığının qorunmasına xidmət edir
COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizdə davamlı olaraq preventiv tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuş, COVID-19 virusunun kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Məhz bu səbəbdən karantin rejimindən mərhələli qaydada çıxmaq planının həyata keçirilməsinə başlanılmışdır. Lakin, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsi səbəbindən yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığından, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə Operativ Qərargah tərəfindən müvafiq təklif hazırlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təkliflərinə əsasən həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq, məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlar arasında heç bir narahatçılığın olmamasına xidmət edir.
Ölkə başçısı cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün əməli nümunə olmalıdır. Ona görə də hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə dönmədən riayət etməldir.
Laçın Rayon İcra Hakimiyyəti rayon sakinlərini Operativ Qərargahın tələb və tövsiyələrinə hamılıqla əməl etməyə çağırır.