Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günüdür.

28 may 2020 | 16:00

Hər bir xalqın taleyində öyünməyə və qürur duymağa əsas olmuş hadisə və məqamlar vardır. 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin   yaranması və fəaliyyəti də Azərbaycan xalqının  bütün zamanlarda  qürurla xatırlayacağı  şərəfli bir tarixdir. Elə bir tarix ki,  bu, xalqın zəngin milli-mənəvi dəyərlərindən, mübarizliyindən, milli qürurundan, müstəqil dövlət qurmaq  və onu idarə etmək bacarığından xəbər verir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 102 illiyi ərəfəsində bu şanlı tarixi hər birimiz şərəflə   və qürur hissi ilə qeyd edirik.
Həm Azərbaycan, həm də bütövlükdə müsəlman dünyası üçün  müstəsna tarixi əhəmiyyətə malik Azərbaycan Demokratik Respublikasının  yaranmasının növbəti  102-ci ildönümünü  qeyd etmək xalqımızın müstəqillik tarixinin ən dəyərli və şanlı səhifələrindən  biri kimi qiymətləndirilir.
1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin bəyan edilməsində, Xalq Cümhuriyyətinin  təşəkkül tapmasında  görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar və peşəkar hərbiçilərin, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuş və onların adları  xalqımızın yaddaşına əbədi həkk edilmişdir. Azərbaycan istiqlaliyyətinin bəyan edilməsində, Xalq Cümhuriyyətinin  təşəkkül tapmasında mühüm rol oynamış Cümhuriyyət xadimləri arasında iki nəfərin-Xosrovbəy Sultanbəyov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olması bizim hər birimiz üçün daha da qürurvericidir.
Cəmi 23 ay fəaliyyət göstərən bu respublika xalqımızın milli sərvəti kimi  XIX əsrin ikinci yarısından  etibarən apardığı  istiqlal mübarizəsinin  bəhrəsidir. Öz tarixi ərzində bu mübarizə  müxtəlif mərhələlərdən keçmişdir. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən, Əhməd bəy Ağaoğlunun «Difai» partiyasınadək uzun və keçməkeşli yol keçmiş, bu mübarizənin gedişində xalqımız 1905-ci və 1918-ci illərdə onun istiqlal istəyini boğmağa yönəlmiş soyqırımlarını da  ağrı-acısını öz üzərində  bütün ağırlığı ilə hiss etməli olmuşdur. Lakin heç bir güc öz siyasi və mədəni hüquqlarını  dərk edən və onların uğrunda mübarizə aparan xalqımızın azadlıq əzmini qırmağa müvəffəq olmamışdır.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlət atributlarını yaratmağa nail oldu, öz parlamentini və hökumətini formalaşdırdı, pul vahidini dövriyyəyə buraxdı. Ən əsası isə dövlət quruculuğu istiqamətində fundamental əhəmiyyətə malik olan mühüm tədbirlər həyata keçirdi. Demokratik Respublika xalqımız üçün  həyati əhəmiyyət daşıyan sosial-iqtisadi  və siyasi islahatlar apardı, problemləri həll etmək istiqamətində  fövqəladə işlər gördü. Azərbaycan dili dövlət dili elan olundu. Gəncə şəhərinin və Cəbrayılın adları özlərinə qaytarıldı. Azərbaycan vətəndaşlığı, hərbi mükəlləfiyyət haqqında qanunlar qəbul edildi. Cümhuriyyət Parlamentinin 1919-cu il  sentyabrın 1-də  Bakı Dövlət Universitetinin  təsis olunması haqqında  qəbul etdiyi qanun  xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması  Cümhuriyyət xadimlərinin  doğma xalq qarşısında  çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də,  Cümhuriyyət ideyalarının  yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında  Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Bu gün  fəxrlə  deyə  bilərik  ki, 1883-cü  ildə  Laçın  rayonunda  anadan  olan  və  Azərbaycan  Xalq  Cümhuriyyətinin sonuncu  Təhsil  Naziri  vəzifəsində  çalışan, Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi xidmətləri olan  həmyerlimiz Nurməmməd bəy  Şahsuvarovun Bakı  Dövlət Universitetinin  təşkilində  xüsusi   xidmətləri  olmuşdur.
Parlamentli respublika olan Xalq Cümhuriyyətinin qarşısında duran əsas məsələ yenicə yaranmış müstəqil dövlətin ərazi bütövlüyünü qorumaq  və xarici müdaxilənin qarşısını almaq idi. Bu baxımdan Azərbaycanın görkəmli generalları Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskinin rəhbərliyi ilə milli ordunun yaradılması  da xüsusi əhəmiyyətə malik idi. Bir il ərzində iyirmi beş minlik Azərbaycan ordusunun piyada və süvari diviziyalarının yaradılması həmin dövrdə erməni daşnaklarına sarsıdıcı zərbələr endirməklə ərazilərimizin qorunmasında müstəsna rol oynadı.
Qısa zaman ərzində Azərbaycan Demokratik Respublikası beynəlxalq diplomatiya sahəsində  də çox mühüm uğurlar əldə etmiş, Paris Sülh Konfransında Azərbaycanın dövlət müstəqilliyinin tanınmasına nail olunmaqla on yeddi dövlətdə rəsmi səfirliklərini açmışdır.         
Bolşevik işğalı nəticəsində 1920-ci ilin aprelində  süqut etməsinə baxmayaraq Azərbaycan Demokratik Respublikası dövlətçilik tariximizdə  önəmli yer tutmağa, xalqımızın gələcək müstəqilliyi yolunda  təməl daşına,  mayaka çevrildi. 23 aylıq müstəqillik xalqımızın siyasi təfəkküründə silinməz iz qoydu. Artıq azadlıq ideyaları şüurlara hakim kəsilmişdi. 70 illik sovet əsarəti dövründə  belə ölməyən istiqlal arzusu  nəhayət ki, XX əsrin sonlarında yenidən çin oldu. 1991-ci ildə  Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan  edərək onun üçrəngli milli bayrağını, gerbini və himnini qəbul edərək öz sələfinin yolu ilə  addımlamağa başladı. “İstiqlal Bəyannaməsi”nin elan olunduğu 1918-ci ilin 28 may günü hər il Respublika günü kimi ölkəmizdə təntənəli surətdə qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi yol bir daha təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Müstəqilliyimizin ilk illərində  Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların günahı üzündən ikinci dəfə əldə etdiyimiz istiqlaliyyətimizi də itirmək təhlükəsi ilə üzləşmişdik. Yalnız dünya səviyyəli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyevin  xalqın təkidli tələbi  ilə hakimiyyətə qayıdışı  ölkəmizi vətəndaş müharibəsi, xaos və anarxiyadan, yenidən parçalanmaq təhlükəsindən qorudu, müstəqilliyimiz əbədi prosesə çevrildi. Ulu Öndər Heydər Əliyevin  rəhbərliyi ilə gənc Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının  qarşısına qoyduğu, lakin, həyata keçirə bilmədiyi məqsədləri qətiyyətlə reallaşdırmağa başladı. Ölkəmiz qısa zamanda  dünya birliyinə inteqrasiya olundu, milli dövlətçiliyimizin əsasları gücləndirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan müasir Azərbaycan dövlətinin xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqımızın qazandığı ən böyük tarixi nəaliyyətlərdəndir.
Bütün xalqımız kimi, Laçın rayon sakinləri də  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycan xalqının ən parlaq qələbəsi kimi qeyd edərək, müstəqil dövlətimizin uğurlarından fərəh hissi keçirirlər.

Keçidlər