Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür.

18 may 2020 | 16:00

Azərbaycan Respublikasının füsunkar guşələrindən birinə mailk, ərazisinin 72 min hektarını yaylaq sahəsi, 34 min hektarını zəngin meşə sahəsi təşkil edən, 1835 kv.km ərazisi olan, şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür.
Erməni silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı  nəticəsində rayonun 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, həmçinin 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 5 məktəbdənkənar müəssisə, 5 uşaq musiqi məktəbi, 1 internat məktəbi, 1 Texniki Peşə Məktəbi, 142 səhiyyə, 462 ticarət, 96 məişət xidməti obyekti, 1 avtonəqliyyat, 30 rabitə və digər müəssisələri talan edilərək, əhalinin şəxsi təsərrüfatında olan 25 min başdan çox iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edilmişdir. Ümumiyyətlə bu işğal nəticəsində o zamankı qiymətlərlə rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. 1988-ci ildən, 1992-ci ilə qədər erməni qəsbkarlarına qarşı mərdliklə döyüşən Laçın rayon sakinlərindən 300 nəfərdən çoxu şəhid olmuşdur ki, onlardan da 18 nəfəri yetkinlik yaşına çatmayanlardır. Həmçinin rayon üzrə 33 nəfər uşaq müharibədə hər iki valideyinini itirmişdir.
Torpaqların müdafiəsi üçün canlarını fəda etmiş rayon şəhidlərindən 5 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşğal nəticəsində 66 mindən çox Laçın rayon sakini ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
İşğaldan 28 il ötməsinə baxmayaraq daim dövlət qayğısı ilə əhatə olunmuş Laçın rayon sakinləri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində tezliklə düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə əmindirlər.

 

Keçidlər