Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakatı Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir.

13 may 2020 | 16:00

    Ölkəmiz 2011-ci ildən Qoşulmama Hərakatına tam hüquqlu üzv qəbul olunub. Sözügedən Hərəkata üzv dövlətlərin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022 - ci illər üzrə sədrlik Azərbaycana həvalə edilib. BMT Baş Assambleyasından sonra ikinci nüfuzlu böyük beynəlxalq təşkilat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv seçildikdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan hörmət və etimadının aydın təzahürüdür. Bu eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, dövlətimizin qlobal səylərinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsini parlaq təcəssüm etdirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsi ilə Zirvə görüşü keçirilib.

    Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə əlaqədar təşəbbüsü adıçəkilən beynəlxalq təşkilata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Təmas Qrupunun coğrafi təmsilçilik və könüllülük əsasında bütün regional qruplardan olan ölkələrin qatıldıqları tədbirdə 40-a yaxın ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri iştirak edib.
Zirvə görüşündə Əfqanıstan Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, habelə BMT Baş Assambleyasının və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri çıxış edib, BMT Baş katibi və Avropa Komissiyası ali nümayəndəsinin videomüraciətləri səsləndirilib.

    Təəssüf ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə bir sıra dövlətlər, beynəlxalq və regional institutlar caşqınlıq içərisində qalaraq, həmrəylik nümayiş etdirə bilməyiblər. Bununla belə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi təcrübəsi və iradəsi sayəsində qlobal liderliyə ehtiyac yarandığı hazırkı dövrdə dünyanın hər yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirmək mümkün olub. Cənab İlham Əliyev etdiyi təşəbbüslə, özünəqapanma sindromunun heç kəsə xeyir gətirməyəcəyini cəsarətlə nümayiş etdirib.
Təsadüfi deyildir ki, Qoşulmama Hərəkatının Zirvə görüşü mühüm beynəlxalq əhəmiyyət kəsb edib, koronavirus təhlükəsinə qarşı mübarizədə səylərin birləşdirilməsində önəmli rol oynayıb. Tədbirdə Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olunub. Dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri belə bir görüşü çağırdığına görə təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində bir ilk hesab olunub. Azərbaycanın səyləri nəticəsində daim bir – biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı və Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirmək mümkün olub.

    Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən qlobal həmrəylik çağırışlarına dəstək verib, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı ayrılıb. Koronavirus infeksiyasının hər bir dövləti ciddi sınaq qarşısında qoyduğu, ölkələrin böyük itkilərlə qarşılaşdığı bir dövrdə Prezident İlham Əliyevin Azərbaycanda pandemiyanın qarşısının alınmasında gördüyü qətiyyətli tədbirlər ölkə başçılarının marağına səbəb olub. Azərbaycan rəhbərinin atdığı addımlar nəticəsində ölkədə bu gün koronavirusa qarşı ən effektli mübarizə aparılır. Əldə olunan nəticələrə görə Azərbaycanın adı dünya ölkələri arasında birinci sırada çəkilir. Respublikada bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilib. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

    Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan bundan əvvəl də videokonfrans formasında Zirvə görüşü keçirib. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonferans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş  Zirvə görüşü təşkil edib.

   Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edərək pandemiyanın ilk günlərindən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qaldığını, özünəqapanma yolunu seçdiyini vurğulayıb. Belə bir təhlükənin hər kəsin qapısını döydüyünü diqqətə çatdıran dövlət başçısı, nümunəvi addım ataraq, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirib.

Keçidlər